Press "Enter" to skip to content

Kıbrıs türklərinin azadlıq mücadiləsindən bəhs edən möhtəşəm serial – VİDEO

Son yeniləmə: 30 Mart 2021 22:06

Bayraqdar.info – Son illər türk dünyasının uzaq və yaxın tarixindən bəhs edən seriallarla ön sıraya çıxan Türkiyənin TRT kanalı bu dəfə də Kıbrıs türklərinin azadlıq mücadiləsindən bəhs edən serialı tamaşaçılara təqdim edir. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumatda deyilir ki, tamamilə Kuzey Kıbrısda çəkilən, Kıbrıs türklərinin azadlıq və var olma mübarizəsini ekranlara daşıyacaq “Bir zamanlar Kıbrıs” serialı bu gündən – yəni aprelin 1-dən etibarən TRT1 ekranlarında tamaşaçılara təqdim ediləcək.

Baş rollarda Ahmet Kural, Serkan Çayoğlu, Pelin Karahan, Tayanç Ayaydın, Gülper Özdemir ve Devrim Saltoğlunun oynadığı serialın ilk fraqmentində 1963-cü ildə törədilən və tarixə “Qanlı yeni il gecəsi” (Kanlı Noel) kimi düşən Kipr rumlarının adadakı türklərə qarşı həyata keçirdiyi hücumları əks etdirən kadrlar verilib. Fraqmentdə Saqqız fabrikinin sahibi Kemal Derelinin (Ahmet Kural) həyat yoldaşı İnci (Pelin Karahan) və iki azyaşlı qızı ilə birlikdə adadakı xoşbəxt həyatlarının rumlar tərəfindən türklərə qarşı həyata keçirilən hücumdan sonra param-parça olmasını əks etdriən kadrlar da tamaşaçılara təqdim edilib.

TMC Filmin hazırladığı, rejissoru Erol Avcı, senari müəllifləri Emre Özdür və Başar Başaranın olduğu “Bir zamanlar Kıbrıs” serialında ən maraqlı məqamlardan biri isə adada vəziyyətin gərginləşməsi səbəbi ilə nişanlısı Ayşe ilə vidalaşaraq Türkiyədən adaya gizli tapşırıqla yollanan Ankaralının (Serkan Çayoğlu) həmin dövrdə Kıbrıs Türk Camaatı Lideri olan Rauf Denktaşla (Devrim Saltoğlu) birlikdə apardığı mübarizə ilə bağlıdır.

Tarix: 1963-cü ildə baş vermiş “Qanlı yeni il” (Kanlı Noel) zamanı Kipr adasında rumlar tərəfindən türklərə qarşı törədilən qətliam və ondan sonra baş verənlər sonda Türkiyə Silahlı Qüvvələrini hərəkətə keçmək məcburiyyətində qoyub. 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kipr adasında türkləri yunan qətliamından xilas etmək üçün başlatdığı “Aişə tətilə çıxdı” adlı əməliyyat zamanı 57 əsgər şəhid olub, 200-ə qədər əsgər yaralanıb.

Tarixə Kıbrıs Barış Hərəkatı kimi düşən əməliyyata 1959-cu ildə zəmin yaranıb. Belə ki, həmin il Türkiyə, İngiltərə və Yunanıstan arasında Sürix və Londonda əldə edilən razılaşmaya əsasən bu ölkələrin zəmanəti, türk və yunan xalqlarının birgə iştirakıyla Kipr Respublikası qurulub. Lakin 1963-cü ildəki məlum qətliamdan sonra Kipr türklərinin ağır günləri başlayıb. Adanı Yunanıstana birləşdirmək istəyən yunan qruplarının hücumları 1963-1974-cü illəri əhatə edib.

1974-cü ildə baş verən hadisə isə Türkiyənin səbrini daşırıb. Belə ki, 1974-cü ilin 15 iyununda Yunanıstanda iqtidardakı xuntanın dəstəyi ilə Nikos Sampson Kiprdə prezident Makariosu devirib. Adadakı çevriliş xəbəri Ankaraya çatdıqdan dərhal sonra Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasdan sonra baş nazir Bülent Ecevit Silahlı Qüvvələrə Kiprə müdaxilə ehtimalına qarşı hazırlıq görülməsi təlimatını verib. Ecevit həmin vaxt Kipr adasına birgə müdaxilə etmək üçün Londona gedib qarant ölkə kimi İngiltərəyə təklif versə də rəsmi London bu təklifi rədd edib.

Diplomatik cəhdlərin bir nəticə vermədiyini görən rəsmi Ankara iyulun 20-də Kıbrıs Barış Hərəkatını başladıb və “Aişə tətilə çıxsın” adlanan əməliyyat nəticəsində Kipr türklərinin yox olma təhlükəsi aradan qalxıb. Bundan sonra aparılan danışıqların bir nəticə vermədiyini görən türk tərəfi 1983-cü il noyabrın 15-də Kuzey Kıbrıs Türk Cumhuriyətinin (KKTC) yarandığını elan edir. KKTC-nin qurucusu və ilk prezidenti mərhum Rauf Denktaşdır.

Mission News Theme by Compete Themes.