Press "Enter" to skip to content

Avropada türkə düşmən kəsilmək siyasətindən nəsibini alan Bolqarıstan türkləri – VİDEO

Son yeniləmə: 1 Aprel 2021 07:56

Yaxud Naim Süleymanoğlu sübut etdi ki, ən böyük siyasət elə idmandır

Nihat GÖYTÜRK

Bu yaxınlarda Türkiyənin TRT1 kanalında yayımlanmış “Cep Herkülü: Naim Süleymanoglu” filmi o qədər təsirli idi ki, mən də diqqəti Bolqarıstan türklərinin ötən əsrin 50-ci illərində kommunist rejiminin zülmünə məruz qalaraq, hansı əzab-əziyyətlərə tuş gəldikləri barədə məqama yönəltmək istədim.

Öncə onu deyim ki, məhz Naim Süleymanoğlu sayəsində dünya Bolqarıstan Kommunist Partiyasının bu ölkədəki türk toplumuna qarşı hansı qanlı represiya həyata keçirdiyini öyrənə bilib.

Beləliklə, tarixi mənbələrdən də bəlli olduğu kimi I və II Balkan müharibələrindən sonra Osmanlı dövləti və Bolqarıstan arasında 1913-cü ildə “İstanbul andlaşması” kimi tanınan bir razılaşma əldə edilir. Bu razılaşmadakı bəndlərdən birində “Türklərin siyasi, dini və sosial haqları qorunacaqdır” deyə qeyd olunur. Lakin Bolqarıstanda keçmiş SSRİ-nin təsiri altında kommunist rejimi qurulduqdan sonra türklərin həmin bənddəki haqları bir-bir əllərindən alınır. Xüsusilə də keçmiş SSRİ-nin buyruq qulu və qatı türk düşməni kimi tanınan Todor Jivkovun Bolqarıstan Kommunist Partiyasının rəhbəri (yəni, həm də ölkənin rəhbəri – N.G.) seçilməsindən sonra bu ölkədəki türklər görünməmiş zülmlərə məruz qalırlar. Belə ki, məhz Jivkovun göstərişi ilə “mədəni inqilab” adı altında türklərə qarşı assimilyasiya siyasəti başladılır, qadınların hicab istifadə etməsi və uşaqlar üçün sünnət qadağan edilir.

SSRİ-də olduğu kimi Bolqarısrtanda da orduda türklər əhəmiyyətli vəzifələrdən uzaq salınır, onlar ancaq ağır işlərə yönləndirilir. Ən dəhşətlisi isə türklərə qarşı başladılan addəyişmə kampaniyası olur.

“Soya qayıdış prosesi” (“Vazroditelen protses”) adı verilən bu kampaniyanı aparan Jivkov və komandası guya Osmanlı dönəmində zorla türkləşdirilmiş olan bolqarların bolqar adlarını könüllü olaraq geri aldıqlarını iddia edir.

Məlumat üçün bildirək ki, 1984-cü ildə türklərə qarşı başladılan addəyişmə əməliyyatı nəticəsində 1 milyon 390 min Bolqarıstan türkünün adları zorla dəyişdirilir, onlara qondarma bolqar ad və soyadı verilir.

O dövrün daha bir qaranlıq məqamı isə xarici KİV-in məsələyə yanaşması ilə bağlıdır. Belə ki, həmin illərdə Bolqarıstanda baş verənlər barədə heç bir xarici KİV-də məlumat yayımlanmır. Bunula da dünya xalqlarının və xarici ölkələrin baş verənlərdən xəbərsiz qalmaları təmin edilir. Məhz belə bir vaxtda Bolqarıstan türkü olan məşhur idmançı Naim Süleymanoğlunun ölkədən qaçması orada türklərə qarşı həyata keçirilən zülmdən bütün dünyanın xəbərdar olmasına yol açır.

Dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, 1967-ci ildə Bolqarıstandakı bir türk ailəsində doğulan və 9 yaşından ağır atletika ilə məşğul olmağa başlayan Naim Süleymanoğlu 15 yaşında Braziliyada keçirilmiş Dünya Ağır Atletika Çempionatında iki qızıl medal qazanır və bu kimi uğurları ilə dünyanın bir çox ölkələrində onlarla rekordlar qırmağa davam edir. Amma ötən əsrin 80-ci illərində Bolqarıstanda türklərə qarşı başladılan əməliyyat Naimi çox narahat edir və o, xalqının başına gələnləri dünyaya çatdırmaq üçün fürsət axtarır.

Beləliklə, 1986-cı ildə əvvəldən planlaşdırılan qaçış reallaşıdırılır. Naim Melburnda keçirilən dünya çempionatının sonunda ona köməlik göstərən yerli türklərin vasitəsilə bir neçə mərhələli yerdəyişmədən sonra Türkiyə Səfirliyinə aparılır. Məlumatlarda qeyd olunduğu kimi, səfirlik həmin dövrdə Türkiyənin Baş naziri olan Turqut Özalı məlumatlandırır və onun “dərhal gələcək” göstərişindən sonra Naim əvvəlcə Londona, ordan da xüsusi təyyarə ilə İstanbula gətirilir.

Türkiyəyə dönəndən sonra tam sağlam olmadığı halda belə yarışlara hazırlaşan Naim Süleymanoğlu əsas hədəfinə – Olimpiya çempionluğuna nail olur ki, bu da ona BMT-də çıxış etmək şansı qazandırır.

Həmin çıxışında “Evinizi, işinizi, hətta sevdiklərinizi belə itirə bilərsiniz, ancaq insanın həyatında itirə biləcəyi son şey milli mənsubiyyətidir. Bolqarıstanda yaşayan iki milyon türkün adı dəyişdirildi. İşgəncə və zülmə məruz qaldılar. Mən – Naim Süleymanoğlu, bu gün və gələcəkdə qıracağım hər rekorddan, qazanacağım hər medaldan sonra “Azadlıq!”, “Azadlıq!” deyə qışqıracağam. Bu, təkcə zülmə məruz qalan türk xalqı üçün deyil, insan hüquqları əlindən alınan hər bir insan üçündür”, – deyən Naim Süleymanoğlu bununla da bütün dünyanın diqqətinin Bolqarıstan Kommunist Partiyası hökumətini türklərə qarşı assimliyasiya siyasətinə yönəldə bilir. Belə ki, onun BMT-dəki çıxışından sonra təzyiqlərə tab gətirə bilməyən Bolqarıstan Kommunist Partiyasının lideri Todor Jivkov, “Bolqarıstanı öz vətəni kimi görməyən, xarici güclərin müdaxiləsi ilə ölkəsinə qarşı çıxan, kommunist partiyasına itaət etməyən, özünü bolqar hiss etməyən vətəndaşlar Bolqarıstanı tərk edə bilərlər”, – deyərək məcburi köçü başladır.

Bu, Avropada II Dünya müharibəsindən sonrakı ən böyük köç hadisəsi kimi tarixə düşüb. Nəticədə isə 1 il ərzində 360 min türk Bolqarıstandan Türkiyəyə köçür. Əslində, bu köç həmin 360 min türkün yox olmasının qarşısını alan bir addım olur. Beləliklə, həmin addımı ilə Naim Süleymanoğlu bir daha sübut edir ki, ən böyük siyasət elə idmandır.

Sonda qeyd edək ki, ilk dəfə dünya rekordunu təzələyəndə 15 yaşında olan Naim 1984, 1985 və 1986-cı illədrə dünyada “İlin idmançısı” seçilib. Karyerası boyunca üç dəfə (1988-ci il Seul, 1992-ci il Barselona və 1996-cı il Atlanta) Olimpiya çempionu, yeddi dəfə Dünya çempionu, 6 dəfə Avropa çempionu olan, öz çəkisinin 3 qatından 10 kq artıq ağırlıq qaldıran tək idmançı kimi tarixə düşən, ümumilikdə 46 dəfə dünya rekordunu təzələyən, 1988-ci ildə Seul Olimpiadasında 6 dünya və 9 olimpiya rekordunu təzələyərək nüfuzlu “Time” jurnalının üz qabığnda şəkli verilən Naim Selüymanoğlu 18 noyabr 2017-ci ildə İstanbulda 50 yaşında vəfat edib.

1989-cu ildə istefaya göndərdikdən sonra istintaq araşdırmaları zamanı külli miqdarda dövlət vəsaitini mənisəmədə, vəzifəsindən sui-istifadədə, ölkənin iqtisadiyyatını dağıtmaqda və hakimiyyətdə olduğu illərdə Bolqarıstan türklərinə qarşı cinayət əməlləri törətməkdə ittiham olunan Todor Jivkov isə 1992-ci il sentyabrın 4-də məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və 1998-ci ildə, 87 yaşında vəfat edib.

Mission News Theme by Compete Themes.