Press "Enter" to skip to content

Allahşükür Paşazadə yenidən beynəlxalq qurumun rəhbərliyinə üzv seçilib

Son yeniləmə: 1 Aprel 2021 15:11

Bayraqdar.info – Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə martın 31-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Tərəflər Şurası və Direktorlar Şurasının videokonfrans formatında keçirilən birgə sessiyasında iştirak edib.

Bu barədə Bayraqdar.info-ya Qafqaz Müsəlmanları Ruhani İdarəsindən məlumat verilib. Məlumatda bildirirlir ki, birgə sessiyada Təşkilatın Baş katibi Feysəl bin Muammər, Direktorlar Şurasının və Mərkəzin təsisçi dövlətlərini təmsil edən Tərəflər Şurasının üzvləri iştirak ediblər.

Tədbirdə bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi və qurumun inkişaf strategiyası ətrafında müzakirələr aparılıb. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin, təşkilatın inkişaf perspektivləri, genişlənmə prosesi çərçivəsində yeni üzv dövlətlərin qəbulu, təşkilati məsələlər və s. daxil edilib. Beynəlxalq Mərkəzin qərargahının yeni ünvanı məsələsi də müzakirə edilib. Bildirilib ki, bir neçə Avropa ölkəsi öz namizədliyini verib. Namizəd ölkələr arasında Portuqaliyanın adı xüsusi qeyd olunub və qərara gəlinib ki, yaxın günlərdə seçimin nəticələrinə dair rəsmi açıqlama veriləcək.

Məlumat üçün bildirək ki, adı keçən Mərkəz Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunub, Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qərargahı Vyana şəhərində yerləşir. Hazırda Tərəflər Şurasının üzvləri məhz bu təsisçi dövlətlərdir.

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan qurumun 9 nəfərlik Direktorlar Şurasına Şeyxülislam Allahşükür Paşazadə yekdilliklə yenidən növbəti 4 il üçün üzv seçilib. Direktorlar Şurasının üzvü kimi A. Paşazadə pandemiya şəraitinə baxmayaraq təşkilatın proqram üzrə layihə və təşəbbüslərinin həyata keçirilməsi yönündə səylərin davam etdirildiyini rəğbətlə vurğulayıb və Azərbaycanda bu istiqamətdə görülən işlərdən bəhs edib.

Mission News Theme by Compete Themes.