Press "Enter" to skip to content

Adımız “Bayraqdar”, şüarımızsa “Hər zaman öndə!”

Azər Həsrət

Son yeniləmə: 1 Aprel 2021 11:55

Hər kəsi xoş gördük! Biz artıq yayındayıq.

Əziz oxucular! Bu gün 1 aprel 2021-ci ildir. Bir neçə həmkarımızla birlikdə Azərbaycan media ortamına yeni onlayn media ilə daxil oluruq. Adımız və şüarımız, əslində hər şeyi deyir. Lakin düşündük ki, oxucularımıza salam keyfiyyətində bir də müraciətimiz olsun.

Adımız “Bayraqdar”, domen ünvanımız bayraqdar.info. Şüarımızsa “Hər zaman öndə!” Bayraq və bayraqdar hər zaman öndə olduğu kimi, biz də o adı doğrultmağa çalışacaq və daim öndə olacağıq.

Dövlət maraqları, milli maraqlar bizim üçün vazkeçilməz olacaq. Necə ki, hər birimiz bu günə kimi dövlətimizə sədaqətdə qüsur etməmişik, bundan sonra da edən deyilik. Özümüz etməməklə bərabər, edənlərə də dözümlü yanaşmaq fikrimiz yoxdur.

Bizim üçün “özümüzünkülər” və “özgələr” olmayacaq. Yalnız milli maraqlara zidd davranıb Azərbaycan dövlətinə zərər vurmaq istəyənlərə bağlı olacaq qapılarımız. Çünki biz belələrinin tribunası ola bilmərik, olmaq istəmirik!

Fərqli fikir, ədəb çərçivəsində mübahisə bizim üçün arzuolunandır. Xəbərlərdə, şərh və təhlillərdə ən üstün nəzakətli dildən istifadə isə tələbimizdir.

Artıq hər kəs fərq edir ki, saytımızın bir küncündə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na keçid yerləşdirmişik. Bunu təsadüfən etmirik. İstəyimiz budur ki, bizimlə işbirliyi etmək arzusunda olanlar hər şeydən öncə o qaydaları mənimsəsinlər. Jurnalist etikası bizim üçün heç bir şərt altında vaz keçməyəcəyimiz ən üstün dəyərdir.

Heç kimlə rəqabət aparmaq fikrində deyilik. Biz öz işimizi görəcəyik. Kəmiyyət deyil, keyfiyyət ardınca qaçacağıq. Ola bilər ki, operativlikdə bir az gecikək. Amma hər kəs əmin olsun ki, bizim o “gecikmiş” xəbərlərimizi oxumağa dəyəcək.

Dünya mediasının təcrübəsindən, özəlliklə də ən öndə gedən tanınmış qəzetlərin illərdir uyğun gördüyü qaydalardan yararlanacağıq. Biz elə edəcəyik ki, tənqidimizi belə tənqid obyektləri su kimi içə bilsinlər. Çünki məqsədimiz hər şeydə nəsə bir qüsur tapıb haray salmaq deyil, aşkar edilmiş qüsurların aradan qaldırılmasına töhfə verməkdir.

Azərbaycan dili! Bu dil anamızın bizə öz halal südüylə hopdurduğu dildir. Bayraqdar.info ana dilimizə xırda bir etinasızlığa da dözmək fikrində deyil. Ona görə də bizim yazılarımızda Azərbaycan dilinin bütün qayda-qanun və tələblərinə ən yüksək səviyyədə əməl ediləcək. Ən adi nöqtənin, vergülün belə yanlış işlədilməsinə dözümlü yanaşan deyilik.

Biz dəyərli oxucularımızı bacara bildiyimiz həddə bilgiləndirəcək, əyləndirəcək, gərək olduqda tənqidlərimizlə problemlərin həllinə töhfə verəcəyik. Bizim bilgiləndirməyimiz “ağıl öyrətmə” şəklində olan deyil. Faydalı bilgiləri paylaşıb daha çox insanın yararlanmasına vasitəçi olmağa çalışacağıq.

Əyləncəmiz isə ucuz şoular hesabına olan deyil. Azərbaycanda və ondan kənarda bizə yaxın olan istənilən qədər sənət-əyləncə adamı var ki, onların üstün bacarıqlarını oxucularımıza təqdim etməyi düşünürük.

“Bayraqdar” türk dünyası ağırlıqlı olacaq həm də! Çünki bir çox hallarda Azərbaycan mediası türk dünyasının geniş coğrafiyasını əhatə etməkdə çətinlik çəkir. Elə bölgələr var ki, onların adları belə illərdir yada düşmür. Biz, əlimizdə olan imkanlarla o geniş coğrafiyanı layiqincə əhatə etməyə iddialıyıq və bu yöndə yetərincə təcrübəmiz də var.

Xarici (beynəlxalq) xəbərlərin təqdimatı da bizdə fərqli olacaq. Çox vaxt Azərbaycanla bağlı xəbərlərin yaxşı tərəfləri görməzlikdən gəlinərək ictimaiyyətə təqdim edilir. Biz isə o məsələdə də tarazlığı təmin edəcək qədər imkanlara sahibik.

Xırda məişət səviyyəli kriminal xəbərlərini ümumiyyətlə dərc etməməyi düşünürük. Eyni zamanda gərəksiz yerə təəccüb və maraq yaratmaq məqsədilə istifadə edilən “şok”, “dəhşət” və bu kimi ifadələrə də “Bayraqdar”da yer olmayacaq.

Sonda bizimlə işbirliyi etmək istəyənlərədir sözümüz. Dəyərli qələm sahiblərinin yazılarına yer verəcəyik. Lakin kütləvi şəkildə deyil. Həm də çox iri həcmli yazılardan uzaq durmağı düşünürük. Eyni zamanda xəbərlərini bizim vasitəmizlə yaymaq istəyən istər dövlət, istərsə də qeyri-dövlət qurumlarına açığıq. Yalnız bir istəyimiz var: göndərilən xəbərlər mümkün qədər qısa, mahiyyətə uyğun, eyni zamanda Azərbaycan dilinin qayda-qanunları çərçivəsində olmalıdır.

Sayğılarla: Azər HƏSRƏT,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti
bayraqdar.info-nun qurucusu və redaktoru

Mission News Theme by Compete Themes.