Son yeniləmə: 1 Aprel 2021 14:34
Bəri gəlgil, canım dostum, bir az söhbət edəlim,
Bizim uzun zamanları ən qısadan kəsəlim.
Atam-anam yaşlaşmışdı,
arardılar, getməzdim –
“Sabah gəlləm, bir gün gəlləm”… – deyib, deyib,
keçərdim.. –
İnan, elə bilirdim ki hələ, hələ ölməzlər,
elə, elə bilirdim ki mənsiz köçə bilməzlər…
Atam-anam haqqa vardı….
ruh quşum uçdu sanki –
Sanki mənim öz elimlə bütün bağım qopmuşdu…
Qırx gün keçdi son dəfndən, yetimliyim köhnəldi…
Qırx gün keçdi, iliyimə işlər oldu nələrsə…
Artıq dəqiq bilirdim ki, dönməyəcək gedənlər…
Tapıb geydim
evimizdə Nuhdan qalan xirqəni;
Hinddən gələn kəşkülümü,
Başı topuz əsanı,
Köhnə gümüş xəncəri və
Bir də, haqqıx muncuğu –
götürüb, çıxdım yola…
Az getdim-üz getdim,
dərə-təpə düz getdim,
gecə və gündüz getdim;
Çay nəğməsi topladım,
qaya səsi eşitdim;
Bir gənc abdal söyləmişdi:
“gördüyünü örtüb keç, görmədiyni söyləmə” –
Çayla dağın sevgisini hər bir kəsdən gizlədim…
Öz nəfsimə yenilmədim, necə nəfəs bəslədim;
Dərələrdə selmiydim, yelmiydim təpələrdə..? –
Düzdüm, düzün ortasında qalmadım,
İlin ən uzun gecəsi özümə gün ağladım –
bir özümlük, bir qonaqlıq kiçik kümə qaraltdım…
Küməmin ilk gecəsində biri döydü qapımı,
Qapım onsuz da açıqdı;
üstəlik də, yavan cadım, duru suyum varıydı,
“Tanrı qonağı” deyirdi – dərviş qaytarardımı?
Amma dərviş küməsinin üstü nazik döşənib,
qalın torpaqlanmışdı;
Qalın qara torpağa tab etməyən ağaclar
gərilib, səs salırdı;
Zərif oğlu Zərif qonaq dedi: aman,
dərviş, məni özgə yerə apar
haman,
qorxuram ki, bu dam uça…
Nə incindim, nə də qorxdum;
dedim, qorxma, adamoğlu,
bu səda ki dirəklərdən gəlir sənə –
külli aləm səbəbinə,
Yaradana zikr edirlər;
Zərif dedi, qorxuram ki, zikr bitə,
damın-daşın, biz qarışıq, son səcdəyə qapana…
Susdum… daha söz demədim…
Heç bilmirəm Zərificə haralara ötürdüm,
“Çox çox sağ ol, dərviş!” dedi – eşitdim,
geri döndüm…
Yenə geyindim xirqəmi,
Götürdüm də kəşkülü,
Düşdüm yolların ağına…
kim susa, kim çağıra…
Xirqəm üstə bir uppuzzzun saç düşmüşdü, –
Yandırım, yandırmayım?.. –
O uzun saç dilə gəldi.
Dedi:
-Dərviş, nə ağlama, nə bozlama, sözüm sana,
Dərviş olan kəsə lazım eşqi-Xuda!
Elə bu dəm, boş küməm də son səcdəyə qapıldı…
Bir gün də bir gənc qız gördüm – dağdöşüncə yürürdü,
Dedim, qızım, hara belə? Dedi: Dərviş,
dağ ardında bir çoban var –
sevdiyim – ona alma aparıram.
Dedim:
qızım,
neçə alma aparırsan, o bəxtəvər çobana?
Dedi: adam sevdiyinə verdiyini sayarmı? –
Bu söz məni elə vurdu,
Tez çıxardım təsbehimi,
qırdım sapı, yerə düşdü
barmağımı əzbər bilən muncuqlar…
Daha zikri muncuqları çevirmədən yaparam… –
Bir gənc qızdan dərs almağı heç düşünməzdim əsla…
Uzun, incə yollar mənə şövq verdi də, zövq verdi,
Gördüklərim, duyduqlarım verdi, yeni göz verdi…
Yolu yığdım ayağıma, haqdan “İzn” çıxardım,
Yanan nəfis qatlarında nələr, nələr qazandım.
Sanki yeni başa düşdüm: çadırımdı ulu Göylər,
yağız Yerlər yurdumdu…
Hər irəli getdiyimdə, hər bir yeni gecədə,
Tarixlərin bir yarpağı xirqəm üstə düşürdü…
Bəzən qışın ortasında ocaq olan ilğımlar,
qızmar yayın ortasında canımı üşüdürdü…
Sonra,
sonra…
nələr vardı? – yaddaşımı çağırım:
Həbəşoğlu qara Bilal ilk azanı oxudu da, çatmadım,
Tanrının son elçisinin söylədiyi son xütbəyə yetmədim;
Amma
Arslan Baba ilə Yasəvinin ilk görüşü yadımdadır,
Elə bil ki o ilk görüş hey uzanır, bitməyir…
Elə bil ki
Yunus hələ… Tapdıq Əmrə dərgahına odun daşır… –
Dosta deyim,
Mövlanə-Şəms sirlərinə vaqif ola bilmədim… –
Ruhumda Tanrımız varkən, mən bu bədəndə qaldım –
bağışladı Yaradan…
Ta qədimdən bilirdim ki:
Tanrı təkdir – bağışlar,
adamlar bağışlamaz…
Bir də,
Dostluq Dənizindən dadıb, xəlvət çəkilməyi öyrəndim…
Bəlkə, bəlkə, ona görə,
Nəsiminin çarmıxında qan sıçradı üz-gözümə,
dinmədim;
Şahla Sultan savaşanda
əlim göyə qalxmadısa…
baxışlarım yer dəldi…
Tarix məni vərəqləyir,
zaman məni oxurdu…
İşləyirdim dişləmirdim,
Dişləyir, işləmirdim…
Gah ürəkdə fərəh vardı,
gah fərəhlərdə ürək…
Amma həmişə kədər var –
Kədər – dərviş malıdı…
Yenə dərviş dodağından alxış axar,
Yenə dərviş sinəsindən qalxar dilək…
Hə ocaqda isinməzdim;
soyuq üzlər düşürmüşdü,
bişirmişdi yanan nəfsim…
Haqq görəni xalq görmədi…
Mən biləni xalq bilmirdi…
İqlimim dəyişmişdi…
Yenə xirqəm əynimdədi,
Yenə uzun yol görünür… –
Dərviş yolu –
yarım ömür o tərəfə,
yarım ömür bu tərəfə götürür…
Vaxt gəlir ki, Yol dediyin
yeyin axır sulardan,
vaxt içində, Yol dediyin
Ay önündə karvan-karvan bulud olur…
Daha mənim xirqəm üstə dilək saçı dolaşmır,
Öz ağ saçım, öz xirqəmdi –
ha yandırım, çağırım…
Son günlərdə atam-anam tez-tez girir yuxuma,
Atam deyir:
-Nə basardım tər qoxuyan xirqəsini bağrıma…
Anam deyir:
-Amandı, ha, hələ tezdi, balamızı çağırma…
Hər gün ilk azan verilir,
Hər gün bir son xütbə var…
14 iyun 2020