Press "Enter" to skip to content

Ermənistanın cəzasızlığına son qoyulmalıdır

Bayraqdar.info – “103 il bundan əvvəl, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsini anır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün bu yaddaşın qorunub saxlanılmasını vacib hesab edirik.”

Bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar yaydığı bəyanatda öz əksini tapıb.

“Martın 31-i 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı Günüdür” sözlərinin də öz əksini tapdığı bəyanatda məlum hadisələr zamanı ermənilər tərəfindən qətlə yetirilən soydaşlarımız, dağıdılan kəndlərlə bağlı rəqəmlər, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə yaratdığı Fövqəladə İstintaq Komissiyasının fəaliyyəti haqqında məlumlatlar da öz əksini tapıb.

Bəyanatda daha sonra bildirilir ki, Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı: “Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə uyğun siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.

Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və müasir mərhələdə azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.

Üzərindən bir əsrdən çox zamanın keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu 30 ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan Azərbaycanlılara qarşı etnik zəmində cinayətlərini davam etdirdi. Otuz ilə yaxın davam edən işğal zamanı Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə azərbaycanlının etnik təmizləməsini həyata keçirdi.

Ermənistan, 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdi. Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycana qarşı növbəti hərbi təxribata cavab olaraq başladılan hərbi əməliyyatlar zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi. Beləliklə də, Ermənistan bir əsr əvvəlki mart qırğınının xatirələrini geri qaytardı”.

“Mart qırğınının günahsız qurbanlarını xatırlayaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırımı, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti qəti şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq. Ermənistanı öz beynəlxalq öhdəliklərinə riayət etməyə çağırırıq. Azərbaycan, öz növbəsində sülhü təmin etmək və cəzasızlığa son qoymaq üçün bütün lazımı hüquqi tədbirləri görəcəkdir”, – deyə sonda qeyd olunur.

Mission News Theme by Compete Themes.