Son yeniləmə: 31 Mart 2021 13:20
Bayraqdar.info-nun Milli Kitabxanaya istinadən verdiyi məlumata görə, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı virtual sərgi və elektron baza istifadəçilərə təqdim edilib.
Bildirilir ki, Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX yüzil tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Bu münasibətlə M.F.Axundzadə ad. Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı virtual sərgi və “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı elektron məlumat bazası hazırlanıb. Baza “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər mart soyqırımı haqqında”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya” və “Soyqırım yaddaşlarda” bölmələrindən ibarətdir. Bazada fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.