Press "Enter" to skip to content

Prezidentdən Bakıda növbəti DOST mərkəzinin açılışı

Son yeniləmə: 30 Mart 2021 21:12

Bayraqdar.info – Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonunda yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı mərkəzin binasında yaradılan şəraitlə tanış olub. Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Mərkəzdə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan agentliyin sayca 4-cü DOST Mərkəzində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza sahələri üzrə bütövlükdə 132 xidmət göstəriləcək.

Mərkəzdə 230 nəfərdən çox əməkdaş, habelə “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü gün ərzində orta hesabla 800 vətəndaşın qəbulunu həyata keçirəcək. Burada çalışanların əksəriyyəti gənclərdən ibarətdir. Bu isə daxili intellektual resursları üzə çıxarmağa kömək etməklə yanaşı, xidmətin yüksək keyfiyyətlə icrasında müstəsna rol oynayır.

DOST Mərkəzinin tərkibindəki “Çağrı Mərkəzi” ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. “ART School” – “İnklüziv İncəsənət Məktəbi” isə ildə orta hesabla 150-200 əlilin təlimlərdən keçməsinə imkan verəcək.

Diqqətə çatdırılıb ki, indiyədək DOST mərkəzlərində xidmət göstərilən 330 mindən çox şəxsin məmnunluq dərəcəsi 97,2 faiz təşkil edir. Binəqədi rayonunda, yeddi min kvadratmetr ərazini əhatə edən 4 saylı DOST Mərkəzinin fəaliyyətə başlaması da bu prosesə mühüm töhfə verəcək, daha geniş miqyasda keyfiyyətli sosial xidmətlərin həyata keçirilməsinə imkan yaradacaq.

Əlavə edək ki, bu xəbərin mənbəyi prezident.az saytıdır.

Mission News Theme by Compete Themes.