Son yeniləmə: 30 Mart 2021 22:15
Bayraqdar.info – Özbəkistan Prezidentinin administrasiyasından verilən xəbərə görə, bu ölkədə səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanla ev sahibi ölkənin Prezidenti Şavkat Mirziyoyev arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.
Eyni zamanda xalq təsərrüfatının müxtəlif sahələrini, həmçinin ikitərəfli maraq kəsb edən digər məsələləri əhatə edən əlavə sənədlər də imzalanıb.
İmzalanan sənədlər 10-dan çox sahəni əhatə edir. Bunların arasında “Bölgələrarası işbirliyi haqqında hökumətlərarası Razılaşma”, “2021-2023-cü illər üçün xarici siyasət idarələri arasında işbirliyi Proqramı”, “Strateji və Bölgələrarası Araşdırmalar İnstitutu ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında Memorandum”, “Əmək münasibətləri sahəsində işbirliyi Razılaşması”, “Atom sənayesi sahəsində kadrların hazırlanması haqqında anlaşma Memorandumu”, “Yeniliklər sahəsində işbirliyi Memorandumu”, “Mədəniyyət sahəsində işbirliyi Proqramı”, “Kənd təsərrüfatı, qida məhsulları və heyvandarlığın inkişafı üzrə Yol Xəritəsi”, “Su təsərrüfatı sahəsində işbirliyi üzrə çərçivə Razılaşması” adlı sənədlər var.
Eyni zamanda Macarıstanın Debretsen Universitetinin Özbəkistanda təhsil proqramlarının icrasıyla bağlı sənəd də imzalanıb.
Mərasimdə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki ölkə arasındakı münasibətlərin artan dinamikasını yüksək qiymətləndirib.
Öz növbəsində Macarıstan Baş naziri Viktor Orban da bu münasibətlərin daha da genişləndirilməsi vacibliyini qeyd edib.