Bayraqdar.info – Gagauziya başqanı İrina Vlah Mariya Maruneviç ad. Elmi Araşdırma Mərkəzini ziyarət edib. Bu xəbəri xanım Vlahın administrasiyası yayıb.
Qeyd edilir ki, hazırda Mərkəzdə gagauz dilinin və tarixinin öyrənilməsi, gagauz ənənələrinin populyarlaşdırılması istiqamətində bir sıra multimedia layihələri işlənilməkdədir.
EAM-da multimedia məzmununun hazırlanması üçün üç studiya qurulub. Kollektiv öz gücüylə üç istiqamətdə multimedia materialları hazırlayır:
1. Yaşlılar və yuxarı sinif şagirdləri üçün gagauz dili kursları;
2. EAM nəşrlərinin təqdimatı;
3. Gagauz xalqının tarixi yolu haqqında proqramlar silsiləsi.
Hazır materiallar ümumaçıq internet resurslarında dərc edilməklə bərabər Gagauziya Radio və TV-sində də yayımlanır.
Gagauziya başqanı görülən işləri yüksək qiymətləndirərək bildirib: “Gənc nəsil multimedia formatında materialları daha asan mənimsəyir. EAM-da hazırlanmış materiallar silsiləsi məktəb proqramını zənginləşdirməklə gagauzların tarixi, mədəniyyəti və ənənələri ilə bağlı boşluqları dolduracaq. Bunlar uşaqlarımıza ötürməli olduğumuz əsl dəyərlərdir”.