Press "Enter" to skip to content

“Böyük qayıdış” film layihələri müsabiqəsinə qəbul başa çatıb

Bayraqdar.info – “Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb.”

Bu haqda xəbəri Mədəniyyət Nazirliyi yayıb. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün təmini ilə başa çatmış savaşdakı qələbə, eləcə də arxa cəbhədə baş verənləri mövzu edən 49 layihə ikinci, yəni “bədii seçim mərhələsində iştirak hüququ” əldə edib.

Nazirliyin verdiyi məlumata görə, “layihələrdən 5-i televiziya kanalları, 7-si dövlət studiyaları, 37-si isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim edilib”.

Bədii seçim mərhələsində layihələri münsiflər heyəti bədii-kinematoqrafik baxımdan 16 aprel 2021-ci il tarixinədək qiymətləndirəcək və qaliblərin adları Nazirliyin www.mct.gov.az internet saytında, həmçinin “Mədəniyyət” qəzetində açıqlanacaq. Bu mərhələni keçən layihələr 3-cü – istehsalçıların pitçinqi mərhələsinə buraxılacaq.

“19-29 aprel 2021-ci il tarixində təşkil olunacaq pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. 30 aprel 2021-ci il tarixində elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq”, – deyə Nazirliyin açıqlamasında bildirilir.

Mission News Theme by Compete Themes.