Press "Enter" to skip to content

Bir millət – iki dövlətin xarici işlər nazirlərindən anlamlı paylaşımlar

Son yeniləmə: 30 Mart 2021 08:20

Bayraqdar.info – Martın 30-da Tacikistanın paytaxtı Düşənbədə “Asiyanın qəlbi – İstanbul sürəci 9-cu nazirlər konfransı” keçiriləcək. Bununla bağlı xəbəri Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Qurumun rəhbəri Mevlüt Çavuşoğlu özünün Twitter hesabında həm bu, həm də Tacikistanda olduğu iki gün ərzində keçirdiyi görüşlər haqqında maraqlı paylaşımlar edib. Onun Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş haqda etdiyi paylaşımla sonuncunun paylaşımı #BirMilletİkiDevlet həştəgi ilə müşayiət edilib.

Türkiyə Xarici işlər naziri yazıb: “Can Azərbaycanın Dış İşləri Bakanı qardaşım Ceyhun Bayramovla görüşdük.
– Kimliklə səyahətin 1 apreldə başlamasından məmnuniyyət duyuruq.
– Güclü işbirliğimiz hər sahədə davam edəcək”.

Öz növbəsində Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov da bənzər tvit atıb: “Qardaşım Mevlüt Çavusoğlu ilə bölgədə olan cari vəziyyət, münaqişə sonrası bərpa işləri barədə fikir mübadiləsi aparıldı. 1 aprel tarixindən vətəndaşlarımızın şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəkləri məmnunluqla qeyd olundu”.

Hər iki qardaş dövlətin nazirləri öz tvitlərinə Türkiyə və Azərbaycan bayraqlarını da əlavə ediblər.

Onu da əlavə edək ki, bu yolla ünsiyyət son zamanlar daha da vüsət almaqdadır və olduqca effektivdir.

Yeri gəlmişkən, nazirlər Tacikistanda keçirdikləri görüşlər, o cümlədən həmin ölkənin Prezidenti İmaməli Rəhmanla müzakirələr haqqında da paylaşımlar ediblər.

Bilgi: “Asiyanın qəlbi – İstanbul sürəci” 2011-ci ildə Türkiyə və Əfqanıstanın birgə təşəbbüsüylə fəaliyyətə başlayıb. Əsas məqsədi Əfqanıstanda və bütövlükdə bölgədə sülh, sabitlik və inkişafı təmin etmək üçün siyasi müzakirə müstəvisinə nail olmaqdır. Bu təşəbbüsdə Əfqanıstan və Türkiyə ilə yanaşı Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləri də iştirak edir.

Mission News Theme by Compete Themes.