Press "Enter" to skip to content

Azərbaycan İranla ortaq çalışmalardan razıdır

Son yeniləmə: 30 Mart 2021 14:57

Bayraqdar.info – “İran şirkətləri azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidənqurma işlərində iştirak etməyə hazırdır.”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, bu barədə bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. Düşənbə şəhərində keçirilən “Asiyanın ürəyi – İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində baş tutan görüşdə nazirlər Azərbaycan və İran arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının cari ildə keçirilmiş sonuncu iclasının nəticələrini yüksək qiymətləndiriblər. Nazirlər, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət, imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycanın Xarici işlər naziri bu görüşlə bağlı tvitində onu “məhsuldar fikir mübadiləsi” adlandırıb.

Mission News Theme by Compete Themes.