Press "Enter" to skip to content

Azərbaycanlı jurnalist aparıcı qlobal medianın virtual qonağı olacaq

Bayraqdar.info – Mətbuat Şurasının təmsilçisi “Qlobal jurnalistika layihəsi” çərçivəsində virtual media otaqlarının qonağı olacaq.

Bu haqda xəbəri Azərbaycan Mətbuat Şurası yayıb.

Xəbərdə qeyd edilir ki, “Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutu (IPI) pandemiya şəraitində virtual fəaliyyətə üstünlük verir. Buna görə də bir sıra fəaliyyətlər internet üzərindən gerçəkləşdirilir. Belə fəaliyyətlər çərçivəsində həyata keçirilən işlərdən biri də “Qlobal jurnalistika layihəsi”dir”.

Daha sonra bildirilir ki, Azərbaycan Mətbuat Şurası da layihənin iştirakçısıdır. “Layihə çərçivəsində qurumun bu ilin aprel ayında reallaşdıracağı “Xəbər otaqlarına virtual ziyarət”inə Mətbuat Şurası
İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri Azər Həsrət də qatılacaq. Kiçik bir qrup beynəlxalq media təmsilçisi üçün nəzərdə tutulan ziyarət aprel ayı boyunca davam edəcək və 4 ayrı ölkənin 4 ayrı media qurumunu əhatə edəcək”.

Mətbuat Şurasının xəbərində ziyarət ediləcək media qurumları haqqında da bilgi verilir: “Ziyarətçilər öncə ABŞ-da nəşr edilən “The Christian Science Monitor” qəzetinin, ardından isə Norveçin “Aftenposten”, İspaniyanın “Publico” nəşrlərinin virtual qonağı olacaqlar. Sonda isə İsveçrənin NZZ (“Neue Zürcher Zeitung”) qəzeti ziyarət ediləcək”.

“Bu ziyarətlər sırasında beynəlxalq virtual qonaqlar adı çəkilən nəşrlərin yeni xəbər texnologiyaları, auditoriyaya təsir imkanları, texnologiyanın gücü, rəqəmli imkanlardan səmərəli istifadə məsələlərilə bağlı təcrübəsi haqqında məlutmatlandırılacaqlar”, – deyə xəbərdə bildirilir.

Qeyd edək ki, Azər Həsrət eyni zamanda IPI-ın üzvü, onun Azərbaycan Milli Komitəsinin qurucusudur.

Mission News Theme by Compete Themes.