Press "Enter" to skip to content

Polşanın ən məşhur qəzetinə qarşı 60 məhkəmə iddiası

Bayraqdar.info – Avropa Şurasından verilən məlumata görə, Polşanın Ədliyyə naziri və Baş prokuroru Zbignev Ziobro ölkənin ən populyar qəzeti olan “Gazeta Wyborcza”nın baş redaktoru Adam Mixnikə qarşı məhkəmə davası açıb.

Məlumata görə, buna səbəb qəzetin araşdırmaçı jurnalisti Voytsex Juxnovski və hüquq müxbiri Eva İvanovanın yazdığı “Ziobronun maaşı qanuna ziddir” adlı yazı olub. Yazı martın 2-də qəzetin kağız nəşrində və wyborcza.pl saytında dərc edilib. Yazının məhkəməyə səbəb olan hissəsində deyilir: “Zbignev Ziobro son üç il ərzində prokuror kimi maaşına 200 min zlotıx əlavə alıb. Halbuki Konstitusiya parlament üzvlərinin eyni zamanda prokuror işləməsini yasaqlayır. Lakin Ədliyyə naziri bu qaydanı nəzərə almayıb”.

Z.Ziobro məhkəməyə müraciətində iddia edir ki, Konstitusiyanın bu yasağı ümumi prokurorlara şamil olunsa da eyni zamanda Baş prokuror vəzifəsini yerinə yetirən Ədliyyə nazirinə şamil edilmir. “Gazeta Wyborcza” isə iddia edir ki, məqalə kifayət qədər əsaslıdır.

Mətbuat haqqında qanuna əsaslanan Z.Ziobro qəzetin təkzib verməsini və məhkəmə xərclərini ödəməsini tələb edir. Məsələyə Varşava mülki məhkəməsində baxılacaq. Lakin baxılma tarixi hələlik müəyyən edilməyib.

Avropa Şurasından verilən xəbərdə deyilir ki, bu məhkəmə davası “Gazeta Wyborcza”ya qarşı açılmış 60 ayrı məhkəmə davasından tək biridir. Bütün iddialar hakim Hüquq və Ədalət Partiyası, fərqli nazirlər, dövlət şirkətləri və hakimiyyətə yaxın olan iş adamları tərəfindən irəli sürülüb.

Yeri gəlmişkən qeyd edək ki, Polşa Avropa Şurası ilə yanaşı Avropa Birliyinin də üzvüdür və iddialara görə, bu birlikdə jurnalistlərə və mediaya daha dözümlü münasibət var. Amma Polşa olayındakı tək bircə qəzetə qarşı açılan davalara baxılarsa, tərəddüd etməmək mümkün deyil.

Mission News Theme by Compete Themes.