Press "Enter" to skip to content

Orta məktəblərdə hərbi dərsləri savaş görmüş müəllimlər keçsin

Bayraqdar.info – Bu maraqlı təklifi Bakıdakı 3 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət irəli sürüb. Onun belə bir təkliflə çıxış etməsi savaş görmüş, əsl hərbi vətənpərvərlik yolu keçmiş qazilərin-veteranların orta məktəb uşaqlarını hərbiyə daha yaxşı hazırlaya biləcəyinə inanmasıyla bağlıdır.

“Təhsil müəssisələrində Çağırışaqədərki Hərbi Hazırlıq fənnini Vətən müharibəsində iştirak edən qazilərimiz-veteranlarımız tədris etsinlər. Əsl kişilik məktəbini keçənlərimiz, əsl vətənpərvər oğullarımız bu günün şagirdlərini öz örnək fəaliyyətləri ilə gələcəyimiz üçün mərd xasiyyətli, əsl kişi xasiyyətli gənclər kimi yetişdirər”, – deyə Almaz Həsrət bildirib.

Doğrudan da maraqlı və ağlabatan təklifdir. Elə Sovet dönəmində də – 2-ci Dünya Savaşından sonrakı vaxtlarda hərbi dərsləri məhz savaşdan qayıtmış şəxslərin keçməsinə üstünlük verilirdi. Onun nəticəsi olaraq gənclər vətənpərvər ruhda böyüyürdü.

Daha bir təklifi isə biz dilə gətirmək istərdik. Qarabağ savaşının od-alovundan şərəflə çıxmış gənclərimizi həm də hərbi təhsilə cəlb etmək yerinə düşərdi. Çünki bu gənclər artıq savaşı nəzəriyyədə deyil, təcrübədə görüblər. Onların arasında adı dastana dönənlər də az deyil. Belə gənclərdən yaxşı hərbi kadrlar hazırlamaq olar. O baxımdan həmin gənclər hərbi təhsilə və müzəffər ordumuzun daha da möhkəmləndirilməsi işinə cəlb edilməlidir.

Mission News Theme by Compete Themes.