Press "Enter" to skip to content

İstefa vermiş türkmən lider Ərşad Salihidən açıqlama

Bayraqdar.info – Martın 28-də Kərkükdə keçirilmiş növbədənkənar toplantıda vəzifəsindən istefa vermiş İraq Türkmən Cəbhəsi başqanı Ərşad Salihi martın 29-da əlavə açıqlamayla çıxış edib.

Bizə daxil olan açıqlamada bir daha vurğulanır ki, istefa könüllüdür, ümumi işə xidmət məqsədi güdür.

Ərşad Salihi açıqlamasında qeyd edir ki, bu qərarı digər böyüklərlə məsləhətli şəkildə qəbul edib. O, atdığı addımın anlayışla qarşılanmasını da rica edib.

İTC-nin keçmiş başqanı bildirib ki, bundan sonrakı fəaliyyəni daha çox Bağdadda – İraq parlamentinin üzvü vəzifəsində sürətləndirəcək. O, buna ciddi ehtiyacın olduğunu da qeyd edib.

Ərşad Salihi həm də qeyd edib ki, İTC-nin yeni rəhbərliyinə qarşıya qoyulan vəzifələri icra edə bilmək işində yardımçı olmaq lazımdır.

Türkmən lider onu da bildirib ki, istənilən halda iki əsas prinsipdən vaz keçilməməlidir. Bunlar, “türkmən milli duruşunun və siyasətinin bütün maraqların üzərində tutulması” və “başqa ölkələrlə münasibətlərdə məzhəb ayrıseçkiliyinə əsla izn verilməməsi”dir.

Ərşad Salihi bu günlər ərzində onu dəstəkləyən hər kəsə təşəkkürünü ifadə edib, mücadiləyə birlikdə davam edəcəyini də vurğulayıb.

Mission News Theme by Compete Themes.