Son yeniləmə: 29 Mart 2021 20:34
Azər HƏSRƏT, @azerhasret
Almaniya, belə baxanda, dünyanın ən inkişaf etmiş dövlətlərindən biridir. Bir çox məsələlərdə də birincisidir. Ona görə də hər yerdə, o cümlədən də Azərbaycanda, az qala hər kəs düşünür ki, bu ölkədə hər şey idealdır. O cümlədən ifadə azadlığı məsələləri də. Sual edirik: doğrudanmı hər şey düşünüldüyü kimi idealdır?
Biz iddia edilən ideallığın olmadığı haqqında illər öncə də danışmışıq. Anlatmağa çalışmışıq ki, Almaniya inkişaf etmiş ölkələrin önündə getsə də bəzi və ya bir çox məsələlərdə əməlli-başlı sinifdə qalır. Elə ifadə azadlığı məsələlərində də.
Almaniya da bir sıra “maraq və mənafe” dövləti kimi öz maraqlarını hər şeydən, hətta universal insan hüquqlarından üstün tutur. Özünün belə tərəfdar olduğu beynəlxalq konvensiyalar, qanunlar və s. Almaniya üçün, lazım olanda nəzərdən qaça bilir. O cümlədən ifadə azadlığı məsələlərində də.
London mərkəzli “The Guardian” qəzetinin sözüylə desək, Almaniya “nifrət diliylə bağlı dünyanın ən sərt qanunlarından birinə” sahibdir. Belə baxanda, ilk ağla gələn odur ki, Almaniya nifrət dilinə münasibətdə dözümsüzdür. Əslində, elədirmi? Əgər Berlin də daxil olmaqla Almaniyanın bir çox böyük və kiçik şəhərlərinin küçələrində açıq mətnlə alman və ya avropalı olmayanlara qarşı kütləvi nifrət çağırışları baş tutursa, onda bu qanun nə qədər sərt hesab edilə bilər? Demək ki, o qanunun sərtliyi başqa məsələ üçündür.
Yaxud da, Azərbaycan kimi ölkələrdən özlərinə bəlli olan xırda xuliqanlıqdan tutmuş ayrı-ayrı cinayət əməllərinə görə qaçmış, məhz Almaniyaya çatanda özlərini “siyasi təqib olunan” kimi təqdim edib sığınacaq almış və bunun da ardınca öz dövlətlərini hədəf seçənlərin çoxluğu necə, bu da o qanunun sərtliyinə tuş gəlmir? Axı həmin adamlar Almaniyanın istənilən nöqtəsində oturub açıq nifrət çıxışları edir, buraxıb qaçdıqları ölkələrinə qarşı hətta açıq təhqir kampaniyaları aparır, bir sıra hallarda isə hakimiyyət başında olanların öldürülməsinə belə çağırışlar edirlər. Bəs o “sərt qanun” bu adamları niyə “görmür”? Bəlkə görmək istəmir?
Biz dəqiq bilirik ki, Almaniya dövləti belə şeyləri nəinki görə biləcək, hətta planlaşdıra biləcək qədər güclüdür. Yəni kimsə sadəlövhcəsinə düşünməsin ki, həmin o söyüş çeteləri Almaniyada heç kimin xəbəri olmadan fəaliyyət göstərir. Əsla elə deyil! Heç ola da bilməz!
Hitler yoxdur, Hitler Almaniyası da yoxdur. Lakin Hitlerin bir zamanlar qurub dövlət sisteminə oturtduğu qaydalar hələ də qalmaqdadır. Üstəlik, heç kim o qaydaları ləğv etmək haqqında da düşünmür. Şübhə etmirik ki, 2-ci Dünya Savaşı Hitlerin qurduğu dövləti bitirməsəydi Almaniya daha sərt bir şəkildə dünyanın başına bəla olmağa davam edəcəkdi. Amma indi o qədərini edə bilmirlər. Uduzublar, öhdəliklər götürüblər, cızıqlarından çıxa bilmirlər. Bununla belə, yenə də əl altdan öz bildiklərini edirlər.
Dediyimiz kimi, sosial medianı özlərinə sərf edən şəkildə tənzimləyir, əngəlləyir, öhdəliklər çərçivəsinə salırlar. Lakin məsələ Azərbaycan kimi dövlətlərə aid olunca “azadlıqların” heç bir sınırı olmur. Azərbaycandan qaçıb orada oturmaqda olan “həmvətənlərimiz” rahat bir şəkildə hər kəsi (təbii ki, almanların özləri istisnadır) hətta söyə və bunun adını “ifadə azadlığı” qoya bilərlər. Azərbaycan şikayət edəndə də Almaniya dövləti ifadə azadlığına müdaxilə edə bilmədiyini deyib yaxasını kənara çəkir.
…2017-ci ildə Almaniya “Şəbəkə icra qanunu”nu qəbul etmişdi. Hazırkı Xarici işlər naziri Hayko Maasın da həmmüəlliflik etdiyi qanun 2018-ci ildən qüvvədədir. Belə baxanda qanundur da. Amma o qanun 2 milyondan artıq istifadəçisi olan saytların “qanunsuz yayımlara görə” 50 milyon avro cərimə edilməsinə imkan yaradır. Yəni bu, həmin saytların üzərində bir “Domokl qılıncı”dır.
Bəzi siyasətçilərin tənqidinə baxmayaraq bu qanun qəbul da edilib, icra da edilir. 2018-ci ildə qanunun qüvvəyə minməsinin dərhal ardından sosial media platformaları monitorinq edildi və YouTube-un 90, Facebook-un 39, Twitter-in isə Almanca məzmununun 1 faizinin bu qanuna uyğun olmadığı aşkarlanmış oldu. Yəni adı keçən hər üç sosial media platformasının başının üzərini çox ciddi təhlükə aldı və onlar Almaniyaya münasibətdə özlərini “yığışdırmalı” oldular. Bu “yığışdırma” isə o deməkdir ki, Almaniya dövlətinin ictimailəşməmiş kanallarla irəli sürdüyü tələblərə boyun əyməlidirlər…
İndi belə bir dövlətin mediasına baxanda, bəzi siyasətçilərini müşahidə edəndə təəccüblənməmək mümkün deyil. Hətta bəzən Azərbaycanın yerini xəritədə belə tapmağa çətinlik çəkənlər ölkəmizə qarşı kampaniyaların önündə gedir. Tam azad olduğu deyilən Almaniya mediası da necə olursa sinxron şəkildə Azərbaycanın üzərinə hücuma keçir. Heç uzağa getməyək, elə bu il mart ayının 3-cü ongünlüyü çərçivəsində Almaniya mediasına nəzər yetirsək, sözümüz təsdiqlənər. Mövzu eyni, dərc edilmə günü eyni, müəlliflərsə fərqli. Almaniyada? Necə olur axı bu? Necə olur ki, bu cür “azad media” ölkəsində bir-birini bəzən heç tanımayan müəlliflər eyni fikirləri özlərinin müəllif yazılarında qələmə alıb dərc etdirirlər? Hardan qaynaqlanır bu “həmfikirlik”?
İndi belə bir Almaniyanın Azərbaycanın söyüş müxalifətinə qucaq açması, onları hər cür zavaldan qorumaq üçün ən yüksək səviyyədə təminat verməsi, üstəlik də bunu “ifadə azadlığı” kimi qələmə verməsinin ziddiyyətini hara yozaq?
Yozmuruq. Sadəcə yazdıq ki, ölkə insanımız bir balaca düşünsün və bu suallara tapacağı cavabları bizimlə də bölüşsün…