Bayraqdar.info – Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov martın 29-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri (videobağlantı vasitəsilə), o cümlədən digər məsul zabitlərin də iştirakıyla xidməti müşavirə keçirib.
Bu haqda xəbəri Müdafiə Nazirliyi yayıb.
Xəbərdə deyilir ki, nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişlərini və qarşıda duran vəzifələri müşavirə iştirakçılarına çatdırıb, azad edilmiş ərazilərdə görülməli işlərdən danışıb.
Z.Həsənov hərbi hazırlıq məsələlərinə də toxunub, azad edilmiş ərazilərdə yerləşən bölmələrdə döyüş hazırlığı üzrə məşqlərin sürətləndirilməsinə göstəriş verib.
Şəxsi heyətin təhlükəsizliyinin təmini, sağlamlığının qorunması, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyi də qeyd edilib.
“General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə hərbi infrastrukturun inkişaf etdirilməsi, mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı konkret göstərişlər verib”, – deyə xəbərdə bildirilir.