Son yeniləmə: 28 Mart 2021 09:14
Bayraqdar.info – Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının Şuşada Üzeyir Hacıbəyli adına orta məktəb tikmə təşəbbüsü Azərbaycanda da təqdirlə qarşılanmışdı. Bu haqda təşəbbüslə çıxış etmiş MHP başqanı Devlet Bahçeli çağırış etmiş, Azərbaycan və Türkiyə prezidentlərinin izni olarsa bu təşəbbüsü gerçəkləşdirmək istədiklərini demişdi. Məktəbin layihəsi də hazırlanmış, ictimaiyyətə təqdim olunmuşdu. Eyni zamanda hər iki ölkənin prezidenti öz razılıqlarını bildirmişdilər. Yəni o məktəbin tikilməsi üçün heç bir əngəl yoxdur.
Bugünlərdə milliyyətçi yönü ilə bilinən Ülkü Ocaqları Eğitim və Kültür Vəqfi məktəbin tikntisi üçün xeyriyyə çağırışı ilə çıxış edib. Daha doğrusu, belə bir nəcib əmələ hər kəsin qatqıda bulunmasına imkan yaratmaq üçün şərait yaradıb. Qurumun ictimailəşdirdiyi bilgiyə görə, məktəbin tikintisinə yardımçı olmaq istəyənlər təqdim edilən hesablara pul köçürməklə Şuşada tikiləcək o məktəbin tarixinə öz adını yazdıra biləcək.
Açığı, belə bir nəcib təşəbbüs və ürəyində bu ülvi istəyi daşıyanlara belə bir şərait yaradılmasının özü də diqqət çəkməyə bilməz. Əlbəttə, MHP o məktəbin maliyyəsini qısa müddətə öz imkanları hesabına həll edə bilər. Lakin belə olanda həmin nəcib işdə iştirak etmək istəyən minlərlə insan kənarda qala bilər. İndi isə imkan yaranıb ki, hər kəs bu işdə iştirak etsin. Nə deyirik? Əla təşəbbüsdür və dəstək verilməsi zəruridir. Ona görə biz də bayraqdar.info olaraq bu paylaşımı etməklə məsələdən daha çox insanın xəbər tutmasına vasitəçi olmaq istərdik.