Bayraqdar.info – “Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Elm Günü münasibətilə 2020-2021-ci illərdə aparılmış tədqiqatları əks etdirən video təqdimatlar hazırlamışlar.”
Bu haqda xəbəri İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsi yayıb. Xəbərdə qeyd edilir ki, “Neolit dövrünün Şomutəpə mədəniyyətinə aid Göytəpə yaşayış yeri (tədqiqatçılar: t.ü.f.d. Fərhad Quliyev, professor Yoşihiro Nişiyaki), İlk Tunc dövrünün Kür-Araz mədəniyyətinə aid Çaqqallıqtəpə abidəsi (təqdimat müəllifləri: t.ü.f.d. Səfər Aşurov və İlahə Nəhmətova), Keşikçidağ Qoruğunda aparılmış tədqiqatlar zamanı aşkar edilmiş Orta Tunc və Son Tunc dövrünə aid abidələr (tədqiqatçı: t.ü.f.d. Pərviz Qasımov), Son Tunc və İlk Dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyətinə aid Çovdar nekropolu (tədqiqatçılar: t.ü.f.d. Səfər Aşurov, t.ü.f.d. Bəxtiyar Cəlilov), Orta əsr Şabran şəhər yeri (təqdimat müəllifi: İlahə Nəhmətova) və Beşbarmaq dağında aparılmış tədqiqatlar (tədqiqatçı: Sevinc Hüseynova) barəsində təqdimatlar İnstitutun Youtube video paylaşma sistemindəki səhifəsində yerləşdirilmişdir.
Qurumdan bildirilir ki, “yüksək səviyyədə hazırlanmış videotəqdimatlar elmi tutumu ilə yanaşı maarifləndirici məqsəd də daşımaqdadırlar”.