Press "Enter" to skip to content

Türkiyə Cümhurbaşqanı ortaq türk qurumlarına üzvlük haqqını təsdiqlədi

Son yeniləmə: 26 Mart 2021 21:26

Bayraqdar.info – Martın 24-də Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Üzv dövlətlərin Türk Akademiyasının büdcəsinə məcburi ödənişlərinin həcminə dair Protokol”u təsdiqləyib. Bununla bağlı Türkiyənin “Resmi Gazete”sində məlumat verilib.

Xatırladaq ki, Qazaxıstanın Astana şəhərində yerləşən Türk Akademiyası üzv-dövlətlərin 23 avqust 2012-ci il tarixli sazişi ilə qurulub. Hazırda Akademiyanın prezidenti Darhan Qıdırəlidir.

Sazişi imzalayan dövlətlər Akademiyanın büdcəsini formalaşdırmaq üçün ödəniş öhdəliyi də götürüblər. Bu ödənişlərin nisbəti əlavə Protokolla müəyyən edilib. 44,5 faiz olmaqla ən böyük ödənişi Qazaxıstan Respublikası üzərinə götürüb. Türkiyə Cümhuriyyəti 30, Azərbaycan isə 25 faiz ödəniş etməlidir. Yerdə qalan 0,5 faiz isə Qırğızıstanın payına düşüb.

Sözügedən Protokolsa 28 noyabr 2020-ci ildə İstanbulda imzalanıb. Dövlətlərin daxili hüquqi mərhələsindən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Protokolu bu il martın 5-də təsdiqləyib.

Türk Keneşinin (Şurasına) daha bir üzv-dövləti – Özbəkistan Respublikası isə hələlik üzvü olmadığı üçün Türk Akademiyasına ödəniş etməyəcək. Bununla belə bu Respublikanın da Akademiyaya üzvlük məsələsini yaxında həll edəcəyi bildirilir. Bundan sonra Akademiyaya üzv-dövlətlərin ödəniş paylarına yenidən baxılacaq.

Türkiyə Cümhurbaşqanı eyni gündə “Üzv dövlətlərin Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsinə məcburi ödənişlərinin həcminə dair Protokol”u da təsdiqləyib. Bu Protokola görə, Azərbaycan Fondun büdcəsinin 44,5, Türkiyə 30, Qazaxıstan 25 və Qırğızıstan 0,5 faizini ödəyəcək.

Mission News Theme by Compete Themes.