Son yeniləmə: 26 Mart 2021 19:40
Bayraqdar.info – Parisdə yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Facebook sosial şəbəkəsini “yalançı ticari əməllərə” görə məhkəməyə verib.
RSF-dən verilən xəbərə görə, artıq gərəkli müraciət Parisdə müvafiq quruma təqdim edilib. Təşkilatın iddiasından belə anlaşılır ki, Facebook özünün reklamlarla bağlı qaydalarına zidd olaraq yalan informasiya və nifrət dilinin yayılmasına şərait yaradır.
RSF məhkəməyə müraciət etməzdən öncə ciddi təhlillər aparıb. Hətta Facebook-un keçmiş işçilərinin ifadələrini öyrənib. Bəlli olub ki, Kaliforniyada yerləşən bu təşkilatın fəaliyyəti böyük ölçüdə zərərlidir.
RSF qeyd edir ki, Facebook “saxta xəbərlərin yayımını azaltmaq üçün” “qanunsuz, yanıltıcı, ayrıseçkilik və saxtakarlıq” tərkibli yayımları əngəllədiyini iddia edir. Hətta pandemiyaya qarşı mübarizəyə töhfə verməyə də çalışır.
“Gerçəklik isə tamam fərqlidir”, – deyə RSF Facebook-un paylaşdığı videonu dəlil olaraq açıqlamasına əlavə edir.
Təşkilat eyni zamanda Facebook-un Fransa nəşrləri olan “Charlie Hebdo”, “l`Union” və France TV ilə bağlı nifrət tərkibli paylaşımlara izn verdiyini dəlil kimi şikayətinə qoşub.
Qurumun məhz Parisdə məhkəmə davası açmasına da aydınlıq gətirən RSF qeyd edir ki, bu ölkədə istehlakçı hüquqlarının qorunması üçün imkanlar daha üstündür. Bununla belə, RSF başqa ölkələrdə də Facebook-a eyni qaydada məhkəmə davası açmağa çağırış edib.
Onu da bildirək ki, Fransada Facebook-un 38 milyon istifadəçisi var.