Bayraqdar.info – Bəlli olduğu kimi xeyli müddətdir dünya ölkələri COVID-19-a qarşı peyvəndləmə kampaniyası aparır. Bunu iynə vurmaqla gerçəkləşdirməklə pandemiyadan gələ biləcək zərəri mümkün qədər azaltmağa çalışırlar. İynəli peyvəndləmə isə əlavə problemlər yaradır. İnsanların bəlli tibb məntəqələrində növbəyə yazılması, növbəylə iynə vurdurması, əlbəttə ki, asan başa gəlmir. Məhz bu çətinlikdən çıxış yolu kimi bir İsrail-Amerika dərman şirkəti COVID-19-a qarşı peyvənd həbləri istehsalını gerçəkləşdirməyə qərar verib.
Bu haqda xəbəri “Teh Jerusalem Post” qəzeti yayıb. Qəzetin yazdığına görə, “Oramed Pharmaceuticals Inc.” adlı şirkət artıq həblərin 1-ci kliniki sınağını keçirməyə hazırlaşır. Hadassah Universiteti Tibb Mərkəzinin texnologiyası əsasında hazırlanmaqda olan həblərin istehsalı Hindistanın Premas Biotech şirkətilə birlikdə mümkün olacaq. Adı keçən şirkətlər birlikdə “Oravax Medical Inc.” adlı şirkət qurublar. Ortaq şirkətin fəaliyyətində “Oramed”in “POD” adlı həb tətbiq etmə texnologiyası və “Premas”ın peyvəndləmə üsulu yer alır.
Hələlik təsdiqini almasa da bu icad haqqında xəbərlər dünyada yeni ümidlərə yol açıb. Nəzərə alsaq ki, adı keçən şirkətlər peyvənd həbləri üzrə əvvəlcə fərqli xəstəliklərlə bağlı uğura imza atıblar, bu çalışmalarının da faydalı olacağını qət etmək olar.
Əgər peyvənd həblərinin effektivliyi təsdiqlənərsə, onlarla qısa müddətdə dünya əhalisini özünüpeyvənd yoluyla xilas etmək mümkün olacaq. İynə üçün növbəyə yazılmaq lazım olduğu halda bu həbləri sadəcə sifariş edib almaq və qəbul etmək qalacaq. Üstəlik, həblərin iynədən daha ucuz başa gələcəyi də bilinir.
Burada onu da qeyd edək ki, Azərbaycan da artıq cari ilin yanvar ayından peyvəndləməyə başlayıb. Verilən məlumatlarda yarım milyon insanın peyvəndləndiyi bildirilir. Bu templə davam edəcəyi təqdirdə bütün əhalinin peyvəndlənməsi bir neçə il vaxt ala bilər. Ona görə də həbin effektivliyi ən optimal çıxış yolu ola bilərdi.