Press "Enter" to skip to content

BBC-nin “yoxa çıxmış kilsə” axtarışına Azərbaycan XİN-dən cavab

Xarici İşlər Nazirliyi

Bayraqdar.info – Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi BBC-nin 3 gün öncə yayınladığı “Dağlıq Qarabağ: yoxa çıxmış kilsənin sirri” adlı reportajında yol verilmiş yanlışlarla bağlı açıqlama yayıb. Qurumun Mətbuat xidmətinin yaydığı geniş açıqlamada bir daha vurğulanır ki, Azərbaycan dövləti bütün mərhələlərdə mədəni irsə qayğıyla yanaşıb. Lakin BBC-nin iddia etdiyi kilsə hər hansı şəkildə mədəni/dini irs sayıla bilməz. Çünki o ibadətgah işğalçı Ermənistan tərəfindən yaxın illərdə tikilib. Həm də hərbi hissənin ərazisində tikilməklə sırf hərbçilərə xidmət məqsədi güdüb.

“İddia olunan “yoxa çıxma” məsələsinə kompleks şəklində baxılmalıdır. Sözügedən ibadətgah, beynəlxalq səviyyədə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarında Ermənistanın 30 illik işğalı dövründə qeyri-qanuni şəkildə inşa edilmişdir və 1993-cü ildə qanunsuz işğala qədər həmin ərazilər yalnız etnik azərbaycanlılar tərəfindən məskunlaşmışdı. İbadətgah Ermənistanın Cəbrayılda və Azərbaycanın digər işğal olunmuş bölgələrində nəsillər boyu yaşamış azərbaycanlıların evlərini və mədəni irsini dağıtdığı bir dövrdə tikilmişdir”, – deyə açıqlamada bildirilir.

Sözügedən ibadətgahın Ermənistanın işğal siyasətinə xidmət üçün tikildiyini də vurğulayan XİN daha sonra bildirir: “Azərbaycanın bir vaxtlar işğal altında olan ərazilərinin dağıdılmasının beynəlxalq media tərəfindən geniş işıqlandırılması və bu ərazilərin hətta “Ruhlar şəhəri” və ya “Qafqazın Xirosiması” kimi adlandırılması Ermənistanın vandalizmini və Azərbaycanın tarixi, mədəni və dini irsinin dövlət səviyyəsində dəstəklənən qəsdən məhv edilməsi siyasətini açıq şəkildə nümayiş etdirdi”.

Açıqlamada Ermənistanın işğal dövründə Azərbaycana aid mədəniyyət abidələrini məhv etməsinə dair statistika da yer alıb: “Azərbaycanın irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə mədəni təmizləmə və çoxsaylı hərbi cinayətlər həyata keçirən, o cümlədən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi məkan, saray və muzeyi dağıdan ölkənin Azərbaycanı ittiham etmək üçün nə hüquqi, nə də mənəvi haqqı var”.

Sonda qeyd edilir ki, Azərbaycan Respublikası bütün mədəni və dini abidələrin qorunmasına sadiqdir.

Qeyd edək ki, BBC-nin əsassız iddialarla dolu bu reportajına martın 25-də Prezidentin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev də münasibət bildirmişdi.

Mission News Theme by Compete Themes.