Bayraqdar.info – Azərbaycan Karikaturaçılar Birliyinin üzvü Seyran Cəfərlinin karikaturaları Türkiyənin İzmir şəhərində keçirilən və qadınlara qarşı zorakılığa həsr olunan beynəlxalq karikatura müsabiqəsində birinci yeri tutub.
Rəssamın bayraqdar.info-ya verdiyi bilgiyə görə, müsabiqə qalibinin əsərləri artıq şəhər sərnişin avtobuslarını bəzəyir. Bu hadisə onun özü üçün də gözlənilməz olub.
“İzmir bələdiyyəsi beynəlxalq müsabiqəyə müxtəlif ölkələrdən olan karikaturaçılar tərəfindən təqdim olunmuş ən yaxşı əsərləri şəhər avtobuslarının üzərinə həkk etmək qərarına gəlib. Mənim üçün öz əsərimi də onların arasında görmək xoş oldu”, – deyə Seyran Cəfərli bildirib.
Onu da qeyd edək ki, karikaturaçımız Seyran Cəfərli həm də ABŞ-da keçirilən “Cartoon Art Contest” beynəlxalq müsabiqəsinin münsiflər heyətinə daxil edilib.
Seyran Cəfərli artıq 45-dən çox beynəlxalq karikatura müsabisində münsiflik edib, 150-dən çox beynəlxalq mükafata layiq görülüb. O cümlədən BMT-nin xüsusi mükafatı ilə təltif olunub.
Rəssamın mindən çox əsəri beynəlxalq müsabiqələrdə nümayiş olunub, albomlara daxil edilib. Onun fərdi sərgiləri Belçika, Türkiyə, Fransa və İranda nümayiş olunub.