Bayraqdar.info – Çağdaş poeziyamızın sayılıb-seçilən nümayəndələrindən biri, özünün hadisələrə obyektiv baxışı ilə seçilən, haqqında mahnı bəstələnmiş, eyni zamanda bədii qiraətçilərin dönə-dönə müraciət etdiyi “Azərbaycan Bayrağı” şeirinin müəllifi Ramiz Qusarçaylı bu dəfə də oxucularını şərti adı “Vətən” olan möhtəşəm bir poema ilə sevindirəcək.
Bununla bağlı sosial media hesabında paylaşım edən şair yazır: “Nəhayət ki… Üç il üzərində işlədiyim 250 səhifəlik “Vətən” (şərti adı) adlı poemanı yazıb bitirdim… Bu aralarda Facebook-da köhnə tarixli şeirlərimi paylaşmağımın bir səbəbi də poema idi, necə deyərlər, “Poema qoymurdu şeir yazmağa…” Bu adda şeir də yazmışam… Poemanı yaxın günlərdə kitab şəklində nəşri üçün nəşriyyata təqdim edəcəyəm”.
Ardınca poemadan bir hissəni də paylaşan şair Bayraqdar.info-ya verdiyi əlavə açıqlamada bildirib ki, hazırlıq işləri demək olar ki, başa çatıb. Sponsor, eləcə də çox hörmətli rəyçilər də var.
Poemanın məzmununa gəlincə, Ramiz Qusarçaylı deyib ki, əsər ta qədim dövrdən – Şumerlərdən başlamış günümüzə qədər – təkcə Azərbaycan deyil, ümumi türklük tarixini əhatə edir.
“Oxucu bu poeamada Şah İsmayılı da, Atatbəyləri də, Qacarları da görəcək. Ümumiyyətlə isə bu əsərimi qədimdən də qədim ortaq türk tariximizin poetik təsvirinə həsr etmişəm”. – deyə şair bayraqdar.info-ya bildirib.
Dəyərli oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq poemadan kiçik bir parçanı da xəbərə əlavə edirik:
“Çarın Rusiyası,
rusun çarları
“Parçala,hökm sür!” –
əsas şüarı…
Qacarla xanların əlbirliyindən
Ürək birliyindən,
dil birliyindən,
Əndişələnirdi,
dərdə dalırdı,
Xanları özünə yaxınlaşdırır,
Xanlıqları xan-xan ələ alırdı.
Rusiyanın çar və çariçaları
Nifrət bəsləyirdi qədim xalqlara,
Türkəm deyənləri taxtdan endirib,
Türkə qənimləri şirnikləndirib,
Hər yerdə bölürdü Türk birliyini,
Etnik ermənini başa çəkirdi,
Qafqazın siyasi əl “keçi”ləri,
Çarların erməni qulbeçələri,
Yarınıb kefini xoşa çəkirdi…
Xanlar arasına nifaq yayırdı,
Qacarlara qarşı təhrik edirdi,
Osmanlıya nifrət aşılayırdı.
Bölüb Azərbaycan xanlıqlarını,
Guya hər dərdinə yarıyacaqdı,
Guya hifz edəcək Osmanlılardan
Guya Qacarlardan qoruyacaqdı…”