Press "Enter" to skip to content

Türkiyənin hakim partiyası da yeni nəfəsə qərar verdi

Son yeniləmə: 25 Mart 2021 11:44

Bayraqdar.info – Xəbər verildiyi kimi martın 24-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilib. Qurultay istər ölkə daxilində, istərsə də xaricdə xüsusi maraqla izlənirdi ki, bu da səbəbsiz deyil. Çünki istər Türkiyənin yeni Konstitusiyasının hazırlanması, istərsə də 2023-cü il seçkiləri baxımından hakim partiyanın hansı mövqe sərgiləyəcəyi, hansı kadrlara üstünlük verəcəyi maraq doğururdu.

Beləliklə, qurultayda Rəcəb Tayyib Ərdoğan yenidən AKP-nin sədri seçilib. Eyni zamanda, partiyanın Mərkəzi Qərar Yürütmə Qurulunun 75 nəfərlik yeni tərkibi də təsdiqlənib.

Məlumat üçün bildirək ki, “AKP-ni 2023-cü il seçkilərinə aparacaq yeni komanda” kimi təqdim edilən MQYQ-nın yeni tərkibində köklü dəyişikliklər olub. Belə ki, üzv sayı 50-dən 75-ə çatdırılan Qurula 47 yeni şəxs seçilib. Həmçinin köhnə üzvlərdən 22-si bu dəfə heyətə düşə bilməyib. Bundan başqa qadın üzv sayı 23-ə yüksələn yeni heyətdə 10 keçmiş nazir və 33 millət vəkili yer alıb.

Siyahıda ən çox diqqəti çəkən keçmiş baş nazir və parlamentin keçmiş sədri Binəli Yıldırım olub.

Qurultaydan sonra Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən MQYQ-nun ilk toplantısında isə partiyanın A taqımı olan Mərkəz Yürütmə Qurulunun (MYQ) yeni üzvləri müəyyən edib. Son qurultaya qədər Rəcəb Tayyib Ərdoğan da daxil 25 nəfər üzvü olan MYQ-nun üzv sayı qurultayda qəbul edilən nizamnamə dəyişikliyindən sonra 27-yə yüksəldilib. Eyni zamanda bu dəyişikliklə partiyada AKP sədrininin birinci müavinlərinin sayı ikiyə yüksəldilib. Bununla da öz keçmiş postunda qalan Numan Kurtulmuşla yanaşı Azərbaycana xüsusi sevgisi ilə tanınan Binəli Yıldırım da AKP sədrinin birinci müavini seçilib.

AKP-də baş verən bu dəyişikliklər həm də bir ay öncə Azərbaycandakı iqtidar partiyasında baş vermiş dəyişikliklərlə səsləşir. Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası da 5 mart 2021-ci ildə keçirilmiş VII qurultayında köklü dəyişikliklərə gedərək daha çevik struktur formalaşdırdı. Belə anlaşılır ki, həm Azərbaycan, həm də Türkiyə iqtidar partiyaları çox ciddi bir mərhələnin başlanğıcındadır. Ona görə də partiyalardakı nisbətən zəif, yaxud da müəyyən səbəblərdən problemli heyətlə nəzakətli bir şəkildə yollarını ayırıb bu cür yeniləməyə getdilər. Ehtimal etmək olar ki, bu dəyişikliklər yalnız ölkə içinə hesablanmayıb, həm də beynəlxalq platformalarda gözlənilən ciddi iddialarla bağlıdır.

Mission News Theme by Compete Themes.