Press "Enter" to skip to content

Azərbaycanın gənc alimləri işlərini beynəlxalq səviyyədə təqdim edib

Bayraqdar.info – Azərbaycanın gənc arxeoloqları Rusiya paytaxtında keçirilmiş beynəlxalq tədbirdə iştirak edib. Bu haqda məlumatı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Məlumatda deyilir ki, “Moskva şəhərində Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Arxeoloji tədqiqatların yeni materialları və üsulları” mövzusunda Gənc Alimlərin VI Beynəlxalq Konfransı keçirilib. Konfransda Azərbaycan, Rusiya Federasiyası, Belarus, Tacikistan, Özbəkistan və digər ölkələrdən qatılmış gənc arxeoloqların çöl tədqiqatlarının nəticələri nümayiş etdirilib. Tədbirdə Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları Anar Ağalarzadə, Dmitri Kiriçenko və Şamil Nəcəfov təmsil edib”.

Daha sonra qeyd edilir ki, “konfransın “Avrasiya düzənliklərində erkən dəmir dövrü: atlılar, dənizçilər, əkinçilər” adlı bölməsində A.Ağalarzadə və D.Kiriçenkonun “Yardımlıda arxeoloji qazıntılar (2020-ci ilin çöl qazıntıları)” adlı posteri və məqaləsi təqdim edilib. Gənc alimlərin təqdimatında Yardımlı rayonunun Alar kəndi ərazisindəki Sarıbulaq yaylaqlarındakı son tunc – ilk dəmir dövrü kurqanlarında ötən il aparılmış arxeoloji qazıntıların nəticəsi və bu qazıntılardan əldə edilmiş maddi mədəniyyət nümunərindən bəhs olunur. Qeyd edilir ki, Sarıbulaq kurqanları son tunc – ilk dəmir dövrü yaylaq maldarlığı ilə məşğul olan yarımköçəri həyat tərzi sürən əhalinin dəfn adətlərinin öyrənilməsi baxımından çox mühüm əhəmiyyətə malikdir”.

Məlumatda qeyd edilir ki, “Eneolit və tunc dövrü arxeologiyası: paleometal dövrünün ənənəvi formalaşması” adlı konfrans bölməsində “Ş.Nəcəfovun “Yastıtəpə yaşayış yerindəki arxeoloji tədqiqatların nəticəsi” adlı məqaləsi təqdim edilib. Məqalədə müəllifin son 10 il ərzində Ağstafa rayonu ərazisindəki Yastıtəpə son tunc – ilk dəmir dövrü abidəsində apardığı arxeoloji qazıntıların nəticələri əks olunub. Bu abidə Gəncə-Qazax bölgəsinin bəhs olunan dövr yaşayış məskənləri kimi zəngin maddi mədəniyyət nümunələrinə malik olmaqla dövrün qədim tayfalarının təsərrüfat həyatını və yaşayış tərzini geniş şəkildə izləməyə imkan verir”.

İnstitutdan verilən xəbərdə o da deyilir ki, “konfransa təqdim edilmiş məqalələr toplu halında nəşr olunmuş və həmin toplunun elekton variantı Rusiya EA Arxeologiya İnstitutunun rəsmi internet səhifəsində yayımlanmışdır”.

Mission News Theme by Compete Themes.