Press "Enter" to skip to content

Qida təhlükəsizliyi beynəlxalq diqqət mərkəzində

Son yeniləmə: 25 Mart 2021 00:06

Bayraqdar.info – Sistem hər kəs üçün kifayət edəcək qədər təhlükəsiz qida istehsal etməlidir. Bunu nəzərə alaraq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) beş ölkə – Azərbaycan, Qırğızıstan, Moldova, Tacikistan və Türkiyədə qida təhlükəsizliyinə nəzarətə dəstəyi gücləndirmək üçün üç illik layihəyə başlayıb. Bu barədə FAO-dan verilən məlumatda qeyd olunub.

Məlumatda bildirilir ki, sözügedən layihə texniki biliklərin təmini, müvafiq dövlət orqanları və özəl sektor tərəfdaşları arasında əməkdaşlığın təşviq edilməsinə çalışacaq. Eləcə də layihədən faydalanacaq ölkələr arasında regional əməkdaşlığın inkişaf etdirilməsi yoluyla Azərbaycanda qida nəzarətinin gücləndirilməsi təşəbbüslərinə dəstək verilməsi hədəflənir. Bu işdə tərəfdaş olaraq Qida Təhlükəsizliyi Agentliyi seçilib.

“Milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi” adlı layihə FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatı Tərəfdaşlıq Proqramı (FTPP II) vasitəsilə Türkiyə hökuməti tərəfindən maliyyələşdirilir.

Layihə qida təhlükəsizliyinə nəzarəti, yuxarıda sadalanan ölkələrdəki mövcud risklərə qarşı mübarizəni gücləndirməyi və öncəlik olaraq qida təhlükəsizliyinə dair bütün məsələləri həll etmək məqsədilə dövlət və özəl sektor nümayəndələri üçün əlverişli bir mühiti təmin etməyi hədəfləyir.

Eyni zamanda, layihəyə daxil olan ölkələrdə daha əhatəli və səmərəli qida təhlükəsizliyi sistemlərinin yaradılması dəstəklənəcək. Dəlillərə əsaslanan qida təhlükəsizliyi nəzarətinin həyata keçirilməsinə üstünlük, aqro-ərzaq ticarətinə və bazarın inteqrasiyasına dəstək veriləcək.

Üç il davam edəcək (1 yanvar 2021 – 31 dekabr 2023) layihə çərçivəsində təsərrüfat sahəsindən süfrələrə qədər effektiv qida nəzarəti sisteminin, qida tədarükü zəncirinin bütün mərhələləri və iştirakçılarının müxtəlif faydalarla təmin edilməsi planlaşdırılır.

Mission News Theme by Compete Themes.