Bayraqdar.info – AMEA Folklor İnstitutundan verilən xəbərə görə, qurumun elmi məqalələr toplusu – “Dədə Qorqud” jurnalı nüfuzlu beynəlxalq sistemə daxil edilib. İnstitutun bununla bağlı yaydığı xəbəri təqdim edirik (kiçik ixtisarla):
“Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun elmi məqalələr toplusu – “Dədə Qorqud” jurnalı beynəlxalq “Index Copernicus” sisteminə daxil edilib. Jurnal Azərbaycan, rus, ingilis və türk dillərində akademik səviyyədə araşdırılan və elmi heyət tərəfindən müsbət qiymətləndirilən orijinal məqalələrin nəşrini həyata keçirir. Jurnalda folklor nəzəriyyəsi, folklorun janr sistemi və poetikası, folklor və yazılı ədəbiyyat, dünya xalqlarının folkloru, Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi məsələləri yer alır.
“Dədə Qorqud” elmi-ədəbi jurnalında “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar”, “Folklorşünaslıq: problemlər, tədqiqlər”, “Azərbaycan folklorundan yeni nümunələr”, “Qardaş türk folklorundan örnəklər”, eləcə də “Folklorşünas təqvimi”, “Folklor həyatından” “Rəylər” və “Yeni nəşrlər” kimi başlıqlar altında məqalələr dərc olunur. 2001-ci ilin aprel ayından ildə dörd dəfə çıxan jurnalın bu günə kimi 71 sayı işıq üzü görüb.
Son illər ölkəmizin hüdudlarından kənarda – Avropada və Orta Asiyada da böyük marağa səbəb olan jurnalda Orta Asiya respublikaları, İran, Rusiya (Sankt-Peterburq və Dağıstan), Türkiyə, Estoniya və s. ölkələrdən də məqalələr öz əksini tapıb.
“Dədə Qorqud” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan elmi nəşrlər sırasındadır. Jurnalın baş redaktoru fil.e.d. Ramazan Qafarlıdır”.