Bayraqdar.info – Rusiya Dövlət Duması növbəti dəfə prezidentliyə iddia edə bilməsi üçün Vladimir Putinin yolunu açan qanun qəbul edib. TASS agentliyinin yaydığı xəbərə görə, martın 24-də Rusiya qanunverici orqanı bununla bağlı qanun qəbul edib.
Xatırladaq ki, Rusiya Konstitutsiyasına edilən yeni dəyişikliyə görə, 2 müddətlik prezidentlik məhdudiyyəti hazırda vəzifədə olan prezidentə şamil edilmir. Dövlət Duması da məhz bu məqamı rəhbər tutaraq yeni qanun qəbul edib.
Qanunun qəbulundan sonra Vladimir Putin daha 2 müddətə prezidentliyə iddia edə bilər. Bu isə o deməkdir ki, seçiləcəyi təqdirdə ölkə hələ uzun müddət onun tərəfindən idarə ediləcək.
Bu arada, yeni qanun orta ağırlıqlı cinayətə görə məhkum olunan şəxslərin prezidentliyə iddia etməsini də yasaqlayır. Bu isə ondan xəbər verir ki, əsas müxaliflərdən olan və Qərbin layihəsi kimi qəbul edilən Aleksey Navalnı prezident seçkisinə qatıla bilməyəcək. Çünki onun üzərində orta ağırlıqlı məhkumluq var.
Qanun həm də parlamentin aşağı palatasına seçilmək istəyənlər üçün yeni norma müəyyən edir. Eyni qaydada orta ağırlıqlı cinayət üzündən məhkumluğu olanlar məhkumluğun ödənməsindən sonrakı beş il ərzində deputatlığa iddia edə bilməyəcəklər.
Yeri gəlmişkən, Vladimir Putin ötən ilin dekabrında bir suala cavabında növbəti dəfə prezidentliyə iddiasıyla bağlı qərar vermədiyini demişdi. Bununla belə əlavə də etmişdi ki, onun yenidən seçilməsi üçün “formal olaraq xalqın istəyi var”.