Bayraqdar.info – Türkiyənin Antalya şəhərində Qazaxıstan, Türkiyə, Avrasiya Xalqları Dostluq və Kültür Dərnəyi tərəfindən Novruz bayramı qutlamaları təşkil edilib.
İraq Türkmən Jurnalistləri Cəmiyyəti Dış İlişkilər məsulu Dr. Kürşat Çavuşoğlunun verdiyi xəbərə görə, Antalya Novruz şölənində çıxışlar edilib, xoş diləklər dilənib.
Qazaxıstan, Türkiyə, Avrasiya Xalqları Dostluq və Kültür Dərnəyinin başqanı Akmaral Rıspay açılış çıxışında bayramı birlikdə keçirməkdən məmnunluğunu dilə gətirib. O, Novruzun yalnız Qazaxıstan deyil, bütün dünya türklərinin qəlbində ayrı yer tutduğunu vurğulayıb.
Novruz törəninə Türk Ocaqları Antalya şöbəsi başqanı Abdullah Uysal, İraq Türkmən Birliyi və Dayanışma Dərnəyi başqanı Dr. Kürşat Çavuşoğlu, Azərbaycan Kültür və Dayanışma Dərnəyi başqan yardımçısı Ceyran Səttar, Bütün Hataylılar və Hatay Dostları Dərnəyi başqanı Kenan Hikmet Yozgatlı, Antalya Kahramanmaraşlılar Dərnəyi başqanı Yakup Gökkaya, digər qardaş dərnəklərin çoxsaylı təmsilçiləri qatılıb.
Törəndə ənənəvi rəqs və mahnılar nümayiş etdirilib, adət və ənənələrdən örnəklər göstərilib, ayrıca qurulmuş Novruz çadırında qonaqlara Qazaxıstan yeməkləri təqdim edilib.
Baharın müjdəçisi olan Novruz bayramı minillər öncəsinə qədər gedib çıxan bir ənənədir. Özəlliklə də türk dövlətləri, Anadolu və Balkanlarda ənənəvi Novruz mərasimləri günümüzdə də coşquyla keçirilməkdədir. Baharın gəlişindən xəbər verən bu bayram müxtəlif bölgələrdə fərqli keçirilsə də bir çox özəlliklərinə görə ortaq bayramdır. Novruz bolluq, bərəkət və təbiətin oyanışının rəmzidir.