Bayraqdar.info – Dünyanın gözü qarşısında kommunist Çin dövlətinin qədim tarixə və mədəniyyətə sahib uyğurlara tətbiq etdiyi ayrıseçkilik və yoxetməyə bəzən türk dövlətləri belə səssiz qalmaqdaykən ABŞ mərkəzli Yəhudi Dünya Müşahidə (Jewish World Watch – JWW) qurumu məsələylə bağlı həftəlik elan edib.
Qurumdan yayılan xəbərə görə, martın 29-da başlaması nəzərdə tutulan həftəlik çərçivəsində Çinin uyğurlara tətbiq etdiyi basqı siyasətini bütün dünyaya təkrar çatdırmaq hədəflənir.
“Çin 2017-ci ildən bəri bir milyondan artıq uyğuru nəzarət düşərgələrinə qapadıb. Uygurlara işgəncə tətbiq edilir, onlar axtalanır və soyqırımın tərkib hissəsi olaraq öldürülür. Qlobal bilgiləndirmə kampaniyası aparmaq və dayanıqlı dəyişikliyə nail olmaq üçün Yəhudi Dünya Müşahidə qurumu yəhudi və uyğur təşkilatlarıyla birlikdə hərəkət edərək Çinin insan haqlarını pozmasına təpki göstərməyə çalışır”, – deyə qurumun həftəliklə bağlı açıqlamasında qeyd edilir.
Həftəlik yəhudi sayağı seder mərasimi ilə başlayacaq, daha sonra qlobal vəkillik günü ilə davam edəcək.
Bundan sonra isə Çinin Sintzyan dediyi Doğu Türküstanda işləyən şirkətlərə çağırışlar ediləcək. Bunların arasında Almaniyanın Volkswagen avtomobil istehsalçısının bölgədə işləri dayandırmasına çağırış da var. Kampaniyaya qoşulanlardan məcburi uyğur işçi qüvvəsindən imtinaya çağırış üçün Volkswagen-ə məktublar göndərmək istənilir. Eyni zamanda şirkətin baş qərargahına ən azı min telefon zəngi ediləcək. Əlavə olaraq sosial mediada Volkswagen-ə aid həştəqlərlə paylaşımlar nəzərdə tutulur.
Sonda isə bütün dünya yəhudilərindən xahiş edilir ki, uyğurlar üçün şam yandırıb dua etsinlər.
Qeyd edək ki, Yəhudi Dünya Müşahidə qurumu 2004-cü ildə Sudandakı olaylarla bağlı qurulub. Əsas məqsədi hər cür soyqırımın qarşısını almağa yardımçı olmaqdır. Hazırda qurum əsas hədəf kimi Çin, Sudan, Güney Sudan, Kongo, Suriya və Myanmarda insanların soyqırımdan qurtarılması üçün çalışır.