Press "Enter" to skip to content

Vərəmə qarşı mübarizədə qlobal həmrəylik

Son yeniləmə: 23 Mart 2021 08:01

Bayraqdar.info – Martın 24-də saat 20:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikilisi qırmızı işığa qərq ediləcək. Belə tikililər arasında Bakı Olimpiya Stadionu və 12-ci əsrin tarixi memarlıq abidəsi olan Qız Qalası da var.

İşıqlandırma zamanı Ümumdünya Səhiyyə Təşkilatının Dünya Vərəm günü ilə bağlı şüarları (“The clock is ticking”, “End TB”) binalar üzərində nümayiş olunacaq.

Bu barədə “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva məlumat verib. Onun sözlərinə görə, məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir.

Qeyd edilib ki, Stop TB (“Vərəmə son qoyaq”) tərəfdaşlığı 2017-ci ildən başlayaraq hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların qırmızı rəngə boyanması aksiyasını keçirir. Bu il Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai Birliyi bu aksiyanın ölkəmizdə də keçirilməsinə təşəbbüs göstərib. Bununla da diqqət vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə cəlb ediləcək və onlarla həmrəylik nümayiş olunacaq.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir.

Tarix: 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb. 1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis edib.

Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmə yoluxur və onlardan milyon yarımı dünyasını dəyişir. Hər gün dünyada 700 uşaq vərəm səbəbindən həyatını itirir. Bu isə hər iki dəqiqədə bir uşağın vərəmdən dünyasını dəyişməsi deməkdir.

2020-ci ilin əvvəllərindən bütün dünyada tüğyan edən COVID-19 pandemiyası səbəbindən vərəmlə
mübarizə daha da çətinləşib.

Mission News Theme by Compete Themes.