Son yeniləmə: 23 Mart 2021 08:00
Bayraqdar.info – Güney Amerika qitəsində yerləşən Perunun parlamentində fəaliyyət göstərən Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Gilyermo Aliaqanın təşəbbüsü ilə qanunverici orqan adından Azərbaycan xalqına Novruzla bağlı təbrik bəyanatı qəbul edilib.
Azərbaycan Respublikasının qonşu Meksikadakı səfirliyindən verilən məlumata görə, sənəddə 21 mart tarixində “qardaş ölkə Azərbaycanın” ən qədim bayramlardan biri olan, ölkə mədəniyyətində və xalqın ürəyində xüsusi yerə malik Novruz bayramını qeyd etdiyi bildirilir.
Novruzun baharın gəlişi və təbiətin oyanışını təcəssüm etdirdiyi, qədim və gözəl bayram ənənələri ilə tanındığı, sülh, barışıq, həmrəylik və mehriban qonşuluq dəyərlərini təşviq etdiyi, bununla da mədəni müxtəlifliyin qorunub saxlanması və ayrı-ayrı xalqlar və icmalar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi qeyd olunur.
Sənəddə həmçinin Novruz bayramının 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi, bununla yanaşı 21 mart tarixinin 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Novruz Günü elan edildiyi nəzərə çatdırılır.
Sənədin sonunda Novruz bayramı münasibətilə “qardaş Azərbaycan xalqına” səmimi təbriklər ifadə olunur.