Son yeniləmə: 23 Mart 2021 08:01
Bayraqdar.info – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasını Novruz bayramı münasibətilə təbrik edib. Bu haqda yayımlanan açıqlamada çox uzaq keçmişdən gəlib çatan Novruz bayramının türk dünyasının bütün ölkələrində böyük şövqlə qeyd olunduğu bildirilib.
“Bu bayram mənəvi dəyərlərin və humanist ideyaların təntənəsi, sevgi və tolerantlığın rəmzi, yeni ümid və arzuların yaranmasıdır. Novruz bayramı insanları sülhə, həmrəyliyə və yeniliyə çağıraraq, həm də tarixi dəyərlərə diqqətli yanaşmanı aşılayır. Bu bayram adət və ənənələri dirçəldərək nəsillər arasında daimi bağlılığı nümayiş etdirir”, – deyə təbrikdə bildirilir.
Qeyd edilir ki, bu il Novruz bayramının əlamətdar xüsusiyyətlərindən biri də əsrlərin sınağından çıxmış bayramın doğma Qarabağda – həm Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu ölkəsi olan Azərbaycanın, həm də bütövlükdə bütün türk dünyasının tarixi torpağında keçirilməsidir. 30 ildən sonra burada yenidən bayram tonqalı alovlanır.
“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından bütün türkdilli xalqları bu gözəl bahar bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, bahar əhval-ruhiyyəsi və bolluq arzulayıram”, – sözlərilə təbrik sona çatır.