Press "Enter" to skip to content

Tatar gəncləri aclıq qurbanlarının xatirəsini yad edir

Bayraqdar.info – Kazan mərkəzli “Azadlıq” Tatar Gəncləri Birliyi 2021-ci ili “1921-22-ci illərdə yaşanmış aclıq qurbanlarının xatirə ili” elan edib. Bu haqda xəbəri qurumun rəhbəri Nail Nəbiulla yayıb.

Qurumdan mediaya verilən xəbərə görə, bu il tatar tarixinin ən dəhşətli səhifələrindən olan aclığın 100 illiyi tamam olur. Məlumatlara görə, iki il içində 350 mindən 500 minə qədər tatar aclıqdan həlak olub. Lakin bu tarixi faciə yetərincə araşdırılmayıb, ictimailəşdirilməyib. Ona görə də tatar gəncləri elm adamlarına, ziyalılara, jurnalistlərə çağırış edir ki, faciənin miqyasını göstərmək üçün dərin araşdırmalar aparsınlar.

Tatar gəncləri eyni zamanda aclıq qurbanlarına Kazanda abidə qoyulması təşəbbüsünü də irəli sürür.

“1921-22-ci illər aclıq qurbanlarının xatirə ili tarixi yaddaşın bərpası ili olacaq. Biz 20-ci yüzilin ən dəhşətli faciəsinə görə kədərlənirik. Bizim xalqımız üçün bu, məhz belə bir hadisədir. Biz kədərlənir və xatırlayırıq. Və heç vaxt dəhşətli, ac 1921-ci ili unutmayacağıq”, – deyə “Azadlıq”ın rəhbəri Nail Nəbiulla bildirib.

Məhdud tarixi qaynaqlara görə, Volqaboyunda aclıq Rusiyada vətəndaş müharibəsinin ardından başlayıb. Ölkənin 35 quberniyasında, o cümlədən Volqaboyu, Güney Ukrayna, Krım, Qazaxıstan və qismən də Uralönü və Qərbi Sibirdə aclıq daha fəlakətli həddə olub. Bu ərazilərdəki əhalinin ümumi sayı 90 milyon olub. Onlardan ən azı 40 milyonu aclıqdan əziyyət çəkib. Bununla belə Sovetlər 28 milyon nəfərin aclıqdan əziyyət çəkdiyini rəsmiləşdirib.

Mission News Theme by Compete Themes.