Press "Enter" to skip to content

Human Rights Watch yenə də öz ampluasında

Xarici İşlər Nazirliyi

Son yeniləmə: 23 Mart 2021 22:25

Bayraqdar.info – Mərkəzi qərargahı Nyu Yorkda yerləşən İnsan Haqlarını Müşahidə (Human Rights Watch) təşkilatı növbəti dəfə Azərbaycanla bağlı qərəzli hesabatla çıxış edib. Qurumun martın 19-da yayımladığı sənəd Azərbaycanın erməni hərbi əsirlərə qarşı qeyri-insani davranışını iddia edir. Sənəddə qeyd edilir ki, təşkilatın təmsilçisi Azərbaycan əsirliyindən qayıtmış 4 erməni hərbiçisilə söhbət edib. Keçmiş əsirlər Azərbaycan əsgərlərinin bəzən onlarla mehriban davrandığını deməklə bərabər işgəncəyə məruz qaldıqlarını da iddia ediblər.

Təşkilat daha sonra iddia edir ki, Azərbaycanda hələ də erməni hərbi əsirlər saxlanılır və onların taleyi naməlumdur.

Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi məcburiyyətdən HRW-u maarifləndirmək üçün geniş bir açıqlama ilə çıxış edib. Qurumun yaydığı açıqlamada Qarabağda fəal hərbi əməliyyatlar zamanı əsir götürülmüş erməni hərbçilərinə qarşı 1949-cu Cenevrə Konvensiyasından tutmuş bütün uyğun beynəlxalq normalara uyğun davranıldığı bildirilir.

Nazirliyin açıqlamasında o da vurğulanır ki, hazırda Azərbaycan tərəfi heç bir erməni hərbi əsiri saxlamır. Olan əsirlər də 10 noyabr 2020-ci ildə Rusiyanın vasitəçiliyilə bağlanmış üçtərəfli bəyanata uyğun olaraq Ermənistana təhvil verilib. Hazırda Azərbaycanda saxlanılan ermənilərə gəlincə, Nazirlik bildirib ki, onlar müharibə bitdikdən sonra Azərbaycan ərazisinə keçərək terror törətmək istərkən yaxalanıb və hərbi əsirlər deyillər.

HRW öz hesabatında az qala Ermənistanın vəkili kimi çıxış edərək 2020-ci ilin 27 sentyabrında müharibəni Azərbaycanın başlatdığını da iddia edir. Halbuki bəllidir ki, həmin gün səhər erkəndən məhz Ermənistanın hücumunu dəf etmək zorunda qalan Azərbaycan sonrakı mərhələdə yalnız müdafiə və məcburi hücum əməliyyatları apararaq torpaqları işğaldan azad edib.

Azərbaycan XİN-in geniş açıqlamasında bütün məsələlər ayrıntılara qədər izah edilir. Lakin bunu HRW-dakı “ekspertlər” anlayacaqmı? Və ya anlamaq istəyəcəkmi? Təcrübədən çıxış etsək, çətin.

Mission News Theme by Compete Themes.