Press "Enter" to skip to content

Batı Trakya türkləri yenə də ayrıseçkiliyə məruz qalır

Halit Habip oğlu

Bayraqdar.info – Yunanıstanın Batı Trakya bölgəsinin əsas əhalisini təşkil edən türk azlıq yenə də dövlətin ayrıseçkiliyindən şikayətçidir. Bununla bağlı Avropa Batı Trakya Türkləri Federasiyasının başqanı Halit Habipoğlunun yaydığı açıqlamada deyilir.

Qurum başqanı media üçün yaydığı açıqlamada Yunanıstan parlamentində bölgənin inkişafı üçün qurulmuş komissiyanın da türk azlığı yox saydığına diqqət çəkir: “Belə anlaşılır ki, 2020-ci ilin iyulunda parlamentdə qurulmuş partiyalararası Trakya İnkişaf Komissiyası yalnız bölgədəki çoxluğa mənsub istehsalçılar üçündür. Əgər Komissiya xoş niyyətli olsaydı Batı Trakyaya özəl bir iqtisadi inkişaf modeli üçün İtaliyanın Güney Tirol bölgəsinin inkişaf modeli və proqramının incələnməsi ilə bağlı təklifimizi mütləq diqqətə alardı”.

Açıqlamadan aydın olur ki, Yunanıstandakı Yeni Demokratiya Partiyası hökuməti pandemiya üzündən əziyyət çəkən iş adamlarına dövlət yardımı ayırarkən Batı Trakya türk tütün istehsalçılarını siyahıdan kənarda qoyub.

Məsələyə münasibət bildirən ABTTF başqanı bildirib ki, “YDP hökuməti ilk gündən bizi yox saymaqda, Batı Trakya türklərinə qarşı ayrıseçkilik siyasəti yürütməkdədir”.

Halit Habipoğlu Yunanıstan hökumətinin bu davranışını qınamaqla yanaşı türk azlığa münasibətdə ayrıseçkiliyə son qoymağı tələb edib.

Əlavə edək ki, bir zamanlar Osmanlı İmperiyasının bir parçası olmuş Batı Trakya bölgəsi də yüz il öncə Yunanıstanın nəzarətinə keçmiş, oradakı türklər azlığa çevrilmişdir. Dövlətin uzun müddətdir tətbiq etdiyi siyasət türklərin yox edilməsinə yönəlikdir. İş o həddə çatıb ki, Yunanıstan dövləti ümumiyyətlə türk azlığının varlığını danır, onları sadəcə “müsəlman azlıq” kimi təqdim edir.

Mission News Theme by Compete Themes.