Press "Enter" to skip to content

Avropa Birliyi ölkələrində jurnalistlər təhlükə altındadır

Bayraqdar.info – Avropa Komissiyası Avropa Xəbər Media Forumunu jurnalistlərin təhlükəsizliyinə həsr edib. Qurumdan daxil olan bilgiyə görə, Komissiya Avropa Birliyi ölkələrində jurnalistlərin qorunmasına həsr edilmiş müzakirələrə başlayıb. Müzakirələrdə sahə təmsilçiləri, o cümlədən jurnalistlər və onların təşkilatları, xəbər qurumları, media şuraları təmsilçiləri, Avropa Parlamenti, üzv dövlətlər, tənzimləyici qurumlar və beynəlxalq təşkilatlar iştirak edir.

Tədbirin açılışında çıxış edən Avropa Komissiyasının Dəyərlər və Şəffaflıq üzrə vitse-prezidenti Vera Jurova bildirib ki, “araşdırmaçı jurnalistlər Dafne Karuana Galitsia və Yan Kuçakın öldürülməsi Avropa Birliyi üçün həyəcan siqnalı olmalıdır. Jurnalistlərə qarşı artan təhdidlər və hücumlar bütünlükdə demokratiyaya qarşı artan təhdid və hücumlardır. İlk dəfə olaraq Komissiya jurnalistlərin təhlükəsizliyinə həsr edilmiş təşəbbüs üzərində işləyir. Bu da məsələylə bağlı nəzərəçarpacaq inkişafa səbəb olacaq”.

“Media azadlığı hədiyyə kimi qəbul edilə bilməz. Biz onu fəal şəkildə müdafiə etməliyik. Özəlliklə də onlayn müstəvidə artmaqda olan hücumlar fonunda. Biz jurnalistlərin öz vəzifələrini təhlükəsiz yerinə yetirməsinə təminat verməliyik.” Bu sözləri isə Daxili Bazar üzrə Komissar Tyerri Breton deyib.

Qeyd edək ki, müzakirələr martın 25-də başa çatacaq. Sonda jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzv dövlətlərə yönəlik tövsiyələr qəbul ediləcək.

Mission News Theme by Compete Themes.