Press "Enter" to skip to content

Prezident İlham Əliyev Pakistan Günü münasibətilə təbrik göndərib

Bayraqdar.info – Prezident İlham Əliyev 23 Mart – Pakistan Günü münasibətilə bu ölkənin Prezidenti Arif Alviyə təbrik məktubu göndərib. Mətni president.az saytında da yayımlanmış məktubda deyilir:

“23 mart − Pakistan Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı əlaqələr ortaq tarixi, dini, mədəni köklərə malik qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllər üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətlərimizin hazırkı yüksək səviyyəsi böyük məmnunluq doğurur.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqe, haqq işimizə göstərdiyi tərəddüdsüz dəstək və həmrəylik xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir.

Mən Azərbaycan ilə Pakistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı etimad, dəstək və həmrəyliyə əsaslanan dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Qeyd edək ki, 23 mart 1956-cı ildə Pakistan Dominionu daha öncə – 22-24 mart 1940-cı ildə qəbul edilmiş və bu ölkənin faktiki müstəqilliyinə doğru atılmış addım kimi qəbul edilən “Lahor qətnaməsi”nə uyğun olaraq Pakistan İslam Respublikasını elan edib. Bu günə eyni zamanda Respublika Günü də deyilir və ölkədə rəsmi bayram kimi qeyd edilir.

Mission News Theme by Compete Themes.