Bayraqdar.info – 2021-ci ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 3015 nəfər və ya 0,03 faiz
artaraq fevral ayının 1-i vəziyyətinə 10 milyon 122 min 148 nəfərə çatıb.
Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri təşkil edir.
Gender nisbətinə gəlincə, 49,9 faiz kişilər, 50,1 faiz isə qadınlardır.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. O da bildirilib ki, sözügedən dövrdə ölkə üzrə hər kv km-ə düşən əhalinin sayı 117 nəfər olub.
Əlavə edək ki, 2020-ci il yanvar ayının 1-i üçün ölkə əhalisinin sayı 10 milyon 67 min 108 nəfər olub. Bu əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri təşkil edib ki, bu da hazırda şəhərdə yaşayanların sayında artımdan xəbər verir. Gender məsələsində isə durum dəyişməz qalıb.
Belə anlaşılır ki, 2020-ci ilin 1 yanvarından 2021-ci ilin 1 fevralınadək – 13 ay ərzində əhalinin sayı 55 min 40 nəfər artıb. Bu isə ölkədə əhali artımında ciddi geriləmə deməkdir. Müqayisə üçün deyək ki, 2019-cu ildə ölkə əhalisinin artımı 85 min 651 nəfər təşkil edib.