Press "Enter" to skip to content

ABŞ Dövlət katibi Vaşinqtonda Novruz tədbirinə qatılıb – VİDEO

Son yeniləmə: 22 Mart 2021 09:51

Bayraqdar.info – Martın 19-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və Orta Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society) moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib. Tədbirdə yüksək səviyyəli qonaqlar qismində ABŞ Dövlət katibi Antoni Blinken, Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Mətyü Lussenhop, ABŞ Konqresi Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ Milli Qvardiyası rəhbərinin müavini general-leytenant Mark Sassevil içştirak edib. Onlar Novruz bayramı ilə əlaqədar təbriklərini çatdırıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Dövlət katibi Antoni Blinken çıxışı zamanı Novruz bayramının bir çox ABŞ vətəndaşları tərəfindən hər il qeyd edildiyini, min illər tarixi olan bu bayramın tədbiri təşkil edən ölkələrin xalqları ilə ABŞ xalqını birləşdirdiyini vurğulayıb. Antoni Blinken Novruzun yeni başlanğıc, yeni imkanlar və ABŞ-la tədbiri təşkil edən bütün ölkələr arasında yeni əməkdaşlıq üçün ümid olduğunu diqqətə çatdırıb.

Dövlət katibinin köməkçisi vəzifələrini icra edən Mətyü Lussenhop çıxışı zamanı Novruzun birgə dəyərlərin və mədəni zənginliyin gözəl nümunəsi olduğunu bildirıb.

ABŞ Konqresi Xarici İşlər Komitəsinin sədri Qreqori Miks baharın ilk günü hesab edilən Novruzun son 3000 il ərzində qeyd edildiyini diqqətə çatdırıb. Hazırda, 300 milyondan çox insanın təmtəraqla qarşıladığı bu bayramın, birgə məram və məqsəd üçün çalışmağın əhəmiyyətini xatırlatdığını qeyd edib, ABŞ-ın bugünkü tədbiri təşkil edən bütün ölkələrlə tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.

ABŞ Milli Qvardiyası rəhbərinin müavini general-leytenant Mark Sassevil tədbiri təşkil edən ölkələrlə Milli Qvardiyanın tərəfdaşlıq proqramları çərçivəsində genişmiqyaslı əməkdaşlıq həyata keçirildiyini, ABŞ-ın bu ölkələrdə sülh, əminamanlıq və təhlükəsizliyin dəstəklənməsində maraqlı olduğunu vurğulayıb.

Tədbirdə ABŞ-Azərbaycan Ticarət Palatasının direktoru, Amerika-Özbəkistan Ticarət Palatasının rəhbəri, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Qazaxıstan biznes şuralarının və ticarət palatalarının rəhbərləri, eləcə də ABŞ Ticarət Palatasının vitse-prezidenti çıxış edərək ABŞ-la iqtisadi və ticarət əlaqələrinin inkişafının, ABŞ investisiyalarının cəlb edilməsinin əhəmiyyətindən bəhs ediblər.

Daha sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan səfirləri çıxış edərək Novruz bayramı ilə bağlı təbriklərini çatdırıblar.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Novruz bayramının yenilənmə zamanı olduğu, neqativ fikirlərdən və auradan azad olmaq üçün fürsət təşkil etdiyini diqqətə çatdırıb. Səfir Novruz bayramının Azərbaycan üçün ən əhəmiyyətli bayramlardan olduğunu, Orta Asiya və Əfqanıstan ilə həyata keçirilən əməkdaşlıq layihələrinin dostluq və qardaşlıq münasibətlərimizin inkişafı baxımından vacib rol oynadığını vurğulayıb. Bu layihələrə misal olaraq Xəzər dənizində Türkmənistanla “Dostluq” yatağı üzrə əməkdaşlıq perspektivlərindən və Lapis Lazuli kimi kommunikasiya xətlərindən bəhs edib.

O, builki Novruz bayramının ölkəmiz üçün unikal olduğu, Azərbaycanın ötən ilin sonunda işğal altında olan torpaqların azad edildiyini və bu il son 30 ildə ilk dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Novruz bayramını qeyd etdiyimizi diqqətə çatdırıb. Elin Süleymanov bölgəmizdə regional əməkdaşlıq üçün yeni reallıq və imkanlar yarandığı, Azərbaycanın Ermənistan da daxil olmaqla region ölkələri ilə sülh və əminamanlıq mühitində, daha da inteqrasiya olunmuş regionda yaşaması üçün şərait yarandığını vurğulayıb.

Tədbir zamanı ölkələrin tarixini, mədəniyyətini və ənənələrini əks etdirən, Novruz bayramı münasibətilə hazırlanmış xüsusi video reportajlar yayımlanıb. Bununla yanaşı, ölkələrin musiqi nümunələrindən parçalar qonaqların diqqətinə çatdırılıb. Azərbaycan Respublikasının tar ustası, əməkdar artist Vüsal İsgəndərzadə Azərbaycan musiqisinin gözəl bir nümunəsini ifa edib.

Novruz tədbirini ABŞ-da yaşayan çoxsaylı icma nümayəndələri, ABŞ rəsmiləri izləyib. Tədbirdən sonra ABŞ dövlət qurumlarına və rəsmi şəxslərinə tədbirin təşkilatçıları olan ölkələr tərəfindən birgə hazırlanmış ölkə mətbəxlərinin təamları və bayram azuqəsi göndərilib.

Mission News Theme by Compete Themes.