Bayraqdar.info – Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, 18 mart 2021-ci il tarixində görkəmli ədib, Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin (1881-1959) 140 illik yubileyi münasibətilə “Arazdan Turana” adlı videokonfrans keçirilib.
Konfransın təşkilatçıları Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyası olub.
Tədbirdə çıxış edən MM Mədəniyyət komitsəinin sədri Qənirə Paşayeva konfransın “Arazdan Turana” adlandırılmasının təsadüfi olmadığını deyib: “Azərbaycanda ilk türk ocağının yaradıcısı olan Abdulla Şaiqin gənclərə aşılamaq istədiyi amallar bu gün də aktualdır. “Birləşəlim, türk oğlu, bu yol zəfər yoludur” deyən şair hər zaman türkçü, Turançı olub”.
Mədəniyyət naziri Anar Kərimov isə çıxışında şairin milli şüurun formalaşmasındakı roluna toxunub. O, Abdulla Şaiqin yaşadığı dövr və fəaliyyəti haqqında fikirlərini səsləndirib.
Daha sonra jurnalist və şair Əkbər Qoşalının moderatorluğu ilə davam edən konfransda Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə çıxış edərək şairin həyat və yaradıcılığı haqqında fikirlərini bildiriblər.
Eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Türk Ocaqları İstanbul şöbəsinin başqanı Cezmi Bayram, Azərbaycan Türk Ocaqlarının başqanı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, ADPU Quba filialının direktoru Yusif Alı Afşar da çıxış edərək maarifpərvər milli ziyalımız haqqında, onun Azərbaycan və türk dünyasındakı rolu barədə diqqətəşayan ifadələr işlədiblər.