Press "Enter" to skip to content

Məhv edilmiş ürəklər və həyatlar: parçalanmış uyğur ailələri

Bayraqdar.info – Beynəlxalq Amnistiya (Amnesty International) təşkilatı Çinin zülmündən əziyyət çəkən uyğurlarla bağlı növbəti dəfə hesabat hazırlayıb. İctimaiyyətə təqdim edilmiş hesabatda Çin dövlətinin bu və ya digər səbəbdən xaricə getmiş uyğurların ölkədə qalan ailə üzvlərinə qarşı tətbiq etdiyi insanlıq dışı basqılar yer alır.

Hesabat müəllifləri yazır ki, rəsmi adı Sincan Uyğur Muxtar Bölgəsi olan Doğu Türküstanda Çin dövləti bütün mümkün vasitələrdən istifadə edərək uyğur ailələrini didərgin salır, ailə üzvlərini bir-birindən zorakı yollarla ayırır. Bəzi uyğur ailələrinin üzvləri isə iş və ya təhsillə bağlı bir neçə il öncə xaricə getdikdə başqa ailə üzvləri, o cümlədən uşaqları ölkədə qalıb. Hazırda həmin ailə üzvlərinin öz əzizləri haqqında heç bir məlumatı yoxdur. Səbəbsə odur ki, Çin dövləti əks əlaqə imkanlarını də ciddi nəzarətdə saxlayır.

Əlavə edək ki, ən azı 20 milyon uyğur türkünün yaşadığı Çində bu xalqa qarşı nəinki 21-ci yüzildə, hətta orta yüzillərin inkvizisiya dövründə belə məqbul sayılmayacaq qədər dəhşətli zülm hökm sürür. Çin dövləti müxtəlif bəhanələrlə uyğur ailələrini parçalayır, onların kişilərini ölkənin başqa hissələrinə işləmək adı altında aparır. Evində kişi qalmayan uyğur ailələrinə isə Çinin başqa bölgələrindən yabançı və qeyri-uyğur şəxsləri gətirib yerləşdirirlər. Bunun adını “mədəni inteqrasiya” qoyan Çinin əsas məqsədi uyğurları ümumiyyətlə əridib yox etməkdir.

Mission News Theme by Compete Themes.