Bayraqdar.info – Türk Keneşinin (Konseyinin) yaydığı xəbərə görə, martın 31-də qurumun üzv-dövlətlərinin başçıları Qazaxıstanın Türküstan şəhərində qeyri-rəsmi zirvədə bir araya gələcək. Görüşün mövzusu “Türküstan – türk dünyasının mənəvi başkəndi” olacaq.
Xəbərdə deyilir ki, zirvəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın dövlət başçıları, eləcə də Keneşdə müşahidəçi statusunda olan Macarıstanın Baş naziri qatılacaq.
Liderlər zirvədə türk dövlətlərinin ümumi maraqlarına uyğun məsələləri müzakirə edəcəklər. Eyni zamanda Türk Keneşinin gücləndirilməsi məsələsi də müzakirə mövzusu olacaq.
Zirvədə Türküstan şəhərinin “Türk dünyasının mənəvi başkəndi” elan ediləcəyi, “Türküstan bildirgəsi”nin qəbul ediləcəyi bildirilir.
Dövlət başçılarının Xoca Əhməd Yəsəvinin türbəsini, eləcə də Türküstan şəhərinin görməli yerlərini ziyarət edəcəyi də gözlənilir.