Bayraqdar.info – Moldovanın tərkibindəki türk muxtariyyəti olan Gagauz Yerinin başqanı xanım İrina Vlah Azərbaycanın o ölkədəki səfiri Qüdsi Osmanovla görüşüb. Bu haqda xəbəri Gagauziya başqanının müvafiq xidməti yayıb.
Başqan Azərbaycan səfirinə Çadır-Lunga rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən işlər haqqında məlumat verib. O, Fondun dəstəyilə tikilməkdə olan mədəniyyət və təhsil mərkəzində işlərin hansı mərhələdə olması haqqında danışıb.
Sözügedən obyektin cari ilin birinci yarısında açılması gözlənilir. Gagauziya başqanı mərkəzə Heydər Əliyevin adının verilməsi təşəbbüsünü də dilə gətirib.
Tərəflər eyni zamanda pandemiya ilə bağlı məsələləri də müzakirə ediblər.
Bundan başqa Gagauziya başqanı İrina Vlahın Azərbaycana nəzərdə tutulan səfəri haqqında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Gagauziya ilə Azərbaycanın Qəbələ rayonu arasında işbirliyi razılaşması imzalanacaq.